\
26 Aprel 2024 - Cümə

Erməni hərbi ekspert: “Azərbaycan yayın sonlarında irimiqyaslı hücuma keçəcək” - Ermənistan təşviş içində

Erməni hərbi ekspert: “Azərbaycan yayın sonlarında irimiqyaslı hücuma keçəcək” - Ermənistan təşviş içində
1844baxış

Ermənistanda məlum iqtidar dəyişikliyindən sonra ölkədə tüğyan edən problemlər həll olunmaq əvəzinə daha da dərinləşməkdədir. Bu fonda Azərbaycanın qazandığı iqtisadi uğurlar, əsasən də hərbi sahədə əldə olunmuş nailiyyətlər erməni cəmiyyətində birmənalı qarşılanmır. Artıq Ermənistan cəmiyyətində Qarabağ problemi real təhlükə faktoru kimi qiymətləndirilir. Ziyalılar, əsasən də hərbi ekspertlər bir zamanlar işğal etdikləri əraziləri itirə biləcəkləri düşüncəsi ilə narahatdırlar. Azərbaycan iqtidarının ardıcıl və məqsədyönlü siyasəti bu həqiqətin aksiom olduğunu dərk etdirməkdədir. Artıq ermənilər anlamağa başlayıblar ki, yox səviyyəsində olan iqtisadiyyatları ilə işğalçı siyasətlərini davam etdirə bilməyəcəklər. Əgər bir neçə il bundan əvvəl faktları dilə gətirməkdən çəkinirdilərsə, artıq danılmaz həqiqətlərlə barışmaq məcburiyyətində qalıblar.

Mediapress.az xəbər verir ki, bu günlərdə Ermənistanın tanınmış hərbi eksperti Van Ambarsumyan News.am saytına müsahibəsində təhlükənin işğalçı Ermənistan və separatçı Dağlıq Qarabağ rejimləri üçün real olduğunu faktlarla dilə gətirib.

“Hər şey ona doğru gedir ki, Azərbaycan yazda və ya yayda, hava şəraiti imkan verdikdə, Qarabağda irimiqyaslı hücuma keçəcək”. Onun sözlərinə görə, Azərbaycan ötən ilin aprelindən etibarən quru qoşunlarını Qarabağla təmas xəttində cəmləyib: “Texnika və canlı qüvvə sayı və çeşidi müqayisə olunmaz dərəcədə çoxdur”, - deyən hərbi ekspert Azərbaycan prezidenti İlham Əliyevin son çıxışlarını da xatırladıb. O, bildirib ki, Azərbaycan rəhbəri 2019-cu ilin Qarabağ probleminin ədalətli həll olunmasında həlledici il olacağını bəyan edib. Çıxışının sonunda V.Ambarsumyan gözlənilən həmlənin ehtimal olunan vaxtını açıqlayaraq deyib: “Düşünürəm ki, irimiqyaslı hücum yay fəslinin sonlarında başlaya bilər. Qışda müharibə etmək çətindir. Texnikaların dizel yanacağı gündə ən azı iki dəfə qızdırılır. Ehtimal etdiyim tarixə qədər diversiya-kəşfiyyat əməliyyatlarının intensivləşməsi və snayper qruplarının fəallaşması istisna deyil”.

(Erməni hərbi eksperti Azərbaycanın hərbi potensialı barədə yüksək fikirlər səsləndirsə də, müəyyən səbəblərdən onun açıqlamasını ixtisarla təqdim etdik – Mediapress.az)