\
20 Aprel 2024 - Şənbə

Yenilənib: Qazaxıstanda anti-erməni mitinqləri böyüyür - Hadisələr nəzarətdən çıxa bilər - VİDEO

Yenilənib: Qazaxıstanda anti-erməni mitinqləri böyüyür - Hadisələr nəzarətdən çıxa bilər - VİDEO
2148baxış

Qazaxıstanda dünəndən bəri minlərlə dinc sakinin etiraz aksiyası səngimək bilmir. Etrazlara səbəb 01 yanvar tarixində Karaqanda şəhərinin “Drevniy Rim” restoranında bir qrup erməni gəncin milli münaqişə zəminində 23 yaşlı qazax gənci öldürməsi olub. Bu hadisədən dərhal sonra yerli sakinlər erməni özbaşınalığına qarşı kütləvi şəkildə küçələrə axışıblar. 

Mediapress.az Qazaxıstanın BƏSE Youtube kanalına yönəlik məlumat yayan Ermənistanın News.am saytına istinadən xəbər verir ki, hər keçən gün mitinqlərin miqyası böyüməkdədir. Narazı kütlə təxribatların olmaması şərti ilə aksiyalarını davam etdirmək niyyətindədirlər. Hadisə yerində xüsusi təyinatlılar və damlarda snayperlər yerləşdirilib. Etirazların Qazaxıstanın digər şəhərlərinə yayılmasının qarşısı ciddi şəkildə alınır.

Qeyd edək ki, Qazaxıstanda çoxsaylı erməni mənşəli iş adamları, deputatlar, məmurlar fəaliyyət göstərir və hazırda onların təhlükəsizliyi hüquq mühafizə orqanları tərəfindən qorunur.

Onu da əlavə edək ki, hadisənin səhəri günü yerli erməni diasporu problemin böyüyəcəyindən ehtiyat edərək bütün günahı azərbaycanlıların üstünə atmağa cəhd göstərib. Onlar belə bir absurd fikri ortaya atmağa çalışıblar ki, cinayət törətmiş şəxslər ermənilər deyil, azərbaycanlılar olub. Lakin cinayətkarlar bir-bir ələ keçdikcə onların yerli ermənilər olduğu üzə çıxıb və diasporun bu niyyəti alt-üst olub.

Bir müddət əvvəl xəbər verdiyimiz kimi, Yeni il bayramı gecəsi Qazaxıstanın Karaqanda vilayətində baş vermiş qanlı cinayət ölkədə haqlı etirazlara səbəb olub. Facebook sosial şəbəkəsinin qazaxıstanlı istifadəçiləri ermənilərə qarşı sərt ittihamlar səsləndirməkdədirlər. Hətta onların ölkədən kütləvi şəkildə qovulması fikrini irəli sürənlər də az deyil. Buna səbəb bayram gecəsi bir qrup erməninin 23 yaşlı qazax gənci qətlə yetirməsi olub.

Mediapress.az Qazaxıstanın NUR.KZ saytına istinadən xəbər verir ki, gənc Karaqandada restoranların birinin qarşısında sözlü təcavüzə və daha sonra fiziki terrora məruz qalaraq qətlə yetirilib. Hadisəni törətmiş 4 nəfər ölkə üzrə axtarışa verilib və hər birinin fotosu ictimailəşdirilib. Məlum olub ki, qatillərdən Malxasyan Torqom Manveloviç, Malxasyan Soxak Sanveloviç, Qururyan Narek və hadisə iştirakçısı olmuş Nadirbekov Kair Hamitoviç axtarışa veriliblər və hər biri barədə qiyabi olaraq həbs-qətimkan tədbiri seçilib. Sakinlərdən canilər barədə 102 telefonuna məlumat verilməsi xahiş olunur.

Mediapress.az həmçinin Ermənistanın News.am saytına istinadən xəbər verir ki, milli zəmində baş vermiş bıçaqlı qətlin rezonansının böyüməməsi üçün Ermənistanın Qazaxıstandakı səfirliyi təcili olaraq bəyanat yayıb. Bəyanatda deyilir: “İnsan tələfatı ilə nəticələnən faciəvi insidentə görə təəssüf hissi keçiririk. Mərhumun qohumlarına və yaxınlarına başsağlığı diləyirik. Qazaxıstan çoxmillətli dövlətdir. Burada ənənəvi olaraq millətlərarası mehriban əlaqələr mövcuddur və etnik milli azlıqlara qarşı tolerantlıq mühiti  hökm sürür. Ümidvarıq ki, mətbuat yalnız rəsmi məlumatlardan istifadə edəcək və sosial şəbəkələrdə dəqiqləşdirilməmiş məlumatların tirajlanması ilə məşğul olmayacaq. Bununla da ictimai fikirlə manipulyasiya edilməyəcək və mövcud konfliktə milli çalar verilməyəcək. Biz əminik ki, istintaq bütün halları araşdıraraq, günahkarların qanunla cəzalandırılmalarına nail olacaq”.