\
19 Aprel 2024 - Cümə

Müxalifət: “Ermənistan Qarabağı Azərbaycana qaytarmağa hazırlaşır!” - Respublika partiyası N.Paşinyandan və XİN nazirindən təcili açıqlama tələb edir

Müxalifət: “Ermənistan Qarabağı Azərbaycana qaytarmağa hazırlaşır!” - Respublika partiyası N.Paşinyandan və XİN nazirindən təcili açıqlama tələb edir
1142baxış

Dünən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN-nin rəhbərlərinin növbəti görüşü baş tutub. 4 saata qədər davam edən görüşün nəticəsinə uyğun olaraq son dərəcə optimist bəyanat verilib. Optimizmə səbəb olan razılığın detalları hələlik açıqlanmasa da, artıq Ermənistan cəmiyyətində birmənalı qarşılanmadığı bəllidir. Müxalifətə keçmiş Respublika partiyası isə yeni iqtidarın Azərbaycana xeyli güzəştlərə getdiyini bildirməkdən çəkinmir. “Qarabağ klanını” təmsil edən Respublika partiyasının vitse-sədri Armen Aşotyan bu barədə facebook profilində narahatlığını bəyan edib.

Mediapress.az News.am-a istinadən xəbər verir ki, Armen Aşotyan statusunda narahatlığını açıq-aydın bəlli edərək baş nazir Nikol Paşinyandan və Xarici İşlər nazirindən xüsusi açıqlama tələb edib. Vitse-sədr hər iki ölkənin XİN-nin rəsmi açıqlamasında oxşar mətnlərin yer almasından anlaşılmazlıq duyduğunu bildirərək statusunda yazıb:

“4 saata yaxın davam edən danışıqlar oxşar optimist mətnlə yekunlaşıb ki, şübhəsiz, bu mətnlər hər iki tərəflə razılaşdırılıb. Odur ki, baş nazirdən və Xİ nazirindən  aşağıdakı suallara dərhal cavab vermələrini tələb edirəm:

1. Görüşdə nizamlamanın hansı prinsipləri ətrafında danışıqlar gedib?

2. Məlumatda qeyd olunan “xalqların sülhə hazırlaşdırılması, regionda təhlükəsizliyin stabil inkişafı” məsələlərinə hansı əsaslarla toxunulub?

3. Görüşdə Azərbaycanın hansı güzəştlərə getməli olduğu müzakirə edilib?

4. Nikol Paşinyanın Qarabağı danışıqlar masasına qaytaracağı barədə verdiyi vədlər müzakirə edilibmi? Nəticə necədir?

5. Vyana, Sankt-Peterburq və Cenevrədə əldə olunmuş razılaşmalara toxunulubmu?”

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri dünən Parisdə baş tutmuş Azərbaycan və Ermənistan XİN-nin başçılarının görüşünün nəticəsinə əsasən birgə bəyanatla çıxış ediblər. Bəyanatda bildirilib ki, həmsədrlər əvvəlcə hər iki ölkənin nümayəndələri ilə ayrı-ayrılıqda görüşüblər, sonra birgə görüş baş tutub: “Nazirlər Qarabağ konfliktinin həll edilməsi yönündə geniş suallar ətrafında müzakirələr apardılar. Belə qərara gəldilər ki, əhalinin sülhə hazırlaşdırılması üçün konkret tədbirlər toplusu həyata keçirilməlidir”.

Xatırladaq ki, adıçəkilən görüş barədə Azərbaycan XİN rəsmi şərhini yazıb. Şərhdə deyilir: “Tərəflər arasında 4 saatdan çox davam edən danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla faydalı və çox müsbət fikir mübadiləsi aparılıb. Ardıcıl və nəticəyə yönəlik danışıqların qarşıdan gələn ay davam etdirilməsi razılaşdırılıb.

Tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər”.