\
28 Mart 2024 - Cümə axşamı

"Aprel döyüşləri"nin iştirakçısı Mediapress.az-a yardım üçün müraciət etdi - "Aidiyyatı nazirliklər müalicəmə köməklik göstərmirlər" - FOTOLAR

"Aprel döyüşləri"nin iştirakçısı Mediapress.az-a yardım üçün müraciət etdi - "Aidiyyatı nazirliklər müalicəmə köməklik göstərmirlər" - FOTOLAR
1799baxış

2016-cı il “Aprel döyüşləri”nin iştirakçısı, ehtiyatda olan baş gizir, II qrup Qarabağ əlili Əzimov Elşən Balaxan oğlu Mediapress.az-a yardım üçün müraciət edib. Müraciətdə deyilir:

“Hörmətli Azərbaycan xalqı, “Aprel döyüşləri” zamanı xəsarət almışam, ayaqlarım tutulub. Azərbaycanda müalicəm olmasa da, xarici ölkələrin birində bu, mümkündür. 1980-ci ildə Cəlilabad rayonunda dünyaya gəlmişəm. Füzuli rayonunda N saylı hərbi hissədə Maxe olmuşam. Aprel döyüşləri zamanı şəhidimizi döyüş ərazisindən çıxaranda kəllə-beyin travması almışam. 2017-ci ilin iyul ayına qədər Hərbi Hospitalda müalicə olundum. İyul ayından etibarən isə ordu sıralarından təxris edildim. İkinci qrup əliləm. Mənə qulluq edilməsi üçün müşahidəçiyə zərurətin olması ilə bağlı rəsmi sənəd veriblər. Buna baxmayaraq, müşahidəçi ilə təmin olunmamışam. Həmçinin səhhətim məni ciddi narahat edir. Sağlamlığıma qovuşmaq istəyirəm. Müalicəm yalnız xarici ölkələrdədir. Ona da çox vəsait tələb olunur. Dəfələrlə Müdafiə Nazirliyinə, Səhiyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişəm. Adlarını çəkdiyim nazirliklər mənə heç bir köməklik göstərmirlər. Respublika Xəstəxanasına yerləşdirdilər. Orada da isə mənə bildirirlər ki, sən bizim xəstəmiz deyilsən. Səni burada müalicə edə bilmirik. Sinir mənşəli xəstəliyim olduğu üçün həkimlər məni müalicə edə bilmirlər. Xəstəliyimlə bağlı arayış tələb etdikdə isə həkimlər cavab verir ki, sənə arayış verməyə Səhiyyə Nazirliyi icazə vermir. Həmin xəstəxanada da xəstəliyimi təyin edə bilmirlər. 16 il 9 ay hərbi xidmətdə olmuşam, baş gizirəm. Xahiş edirəm ki, mənə kömək etsinlər. Ailəliyəm, 4 övladım var. Bu vaxta qədər maşınımı, evimi sataraq müalicəmə 18-22 min manata yaxın pul sərf etmişəm. İl yarımdan çoxdur ki, aldığım pensiyanı da müalicəmə xərcləyirəm. Övladlarıma və ailəmə atam baxır. Dövlət mənə yalnız xəstəxanada otaq verib. Mənzillə də təmin olunmamışam. Cəlilabad Rayon İcra Hakimiyyətinə yaşayış yeri üçün müraciət etmişəm. Buna baxmayaraq, mənə icra hakimiyyəti də kirayə yaşamaq üçün mənzil pulu vermir".

P.S. Məsələ ilə bağlı ilk öncə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Zeynalov Namiqlə əlaqə saxladıq - 09:54 radələrində. Ardınca başçının köməkçisi Əmralıyev Elgünə– 09:56, birinci müavini Məmmədov Mansura – 09:58 zəng vurduq. Amma səlahiyyətli nümayəndələrdən heç biri dəstəyi götürmədi.

İnformasiya təminatı və təhlili sektorundan əldə etdiyimiz məlumata görə, Cəlilabad Rayon İcra Hakimiyyətində də dövlətimizin hər bir güc strukturunda olduğu kimi iş vaxtı saat 09:00-da başlayır. Buna baxmayaraq, sözügedən dövlət idarəsində səsimizə səs verən inc-cins tapa bilmədik.

İşi belə görüb, vəziyyətlə bağlı Zeynal müəllimimin müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Dürdanə Əliyevanın mobil telefonuna zəng vurub, məsələ ilə bağlı onu məlumatlandırdıq. Hazırda tədbirlə bağlı Bakıda olduğunu vurğulayan Dürdanə xanım, “Qaziyə deyin, ayın 17-dən sonra mənə yaxınlaşsın”, - deyə bildirdi.

Saat 10:39-da radələrində başçının köməkçisi Elgün Əmralıyevlə yeniudən əlaqə saxladıq və nəhayət ki, budəfəki cəhdimiz baş tutdu. Elgün müəllim də vəziyyətdən agah olduqdan sonra, “Qazimiz sabah səhər tezdən bizə yaxınlaşsın. İcra hakimiyyətinin səlahiyyətlərində yardım üçün nə varsa, hamısından istifadə edəcəyik”, - deyə söz verdi.

 

Məsələyə qayıdacağıq.

Hazırladı: Könül Aypara