\
24 Aprel 2024 - Çərşənbə

"Nə qədər ki, canımda can var, onlarla yox, yüzlərlə erməni tankını məhv edəcəyəm!" - “Azərbaycan Bayrağı” ordenli gizir Tahir Misirxanov EKSKLÜZİV

"Nə qədər ki, canımda can var, onlarla yox, yüzlərlə erməni tankını məhv edəcəyəm!" - “Azərbaycan Bayrağı” ordenli gizir Tahir Misirxanov EKSKLÜZİV
1562baxış

Mediapress.az xəbər verir ki, 5 sentyabr tarixində ASAN xidmət, Müdafiə Nazirliyi və "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı ilə Beyləqanda "Hərbiyyə" hərbi vətənpərvərlik düşərgəsi keçirilib. Qeyd edək ki, düşərgə sentyabrın 10-dək davam edəcək. Hərbi simulyasiya formatında həyata keçirilməsi nəzərdə tutulan bu layihənin məqsədi "ASAN Könüllüləri"nin müxtəlif peşəkar hərbi təlimlərə cəlb olunması, taktiki hazırlıq, qarovul, atəş, topoqrafiya, komandir və digər hərbi hazırlıqlarda iştirak etmələridir. Daha doğrusu, bir növ hərbi təcrübəyə sahiblənmələri üçün gənclərə şərait yaradılır. Eyni zamanda müxtəlif tarixi-mədəni ərazilərə ekskursiyalar da planlaşdırılıb.

Qeyd edək ki, iştirakçılar arasında media nümayəndələri də oldu. Və Müdafiə Nazirliyinin bir sıra əməkdaşları ilə bərabər Cocuq Mərcanlıdakı Lələtəpə yüksəkliyinə tur təşkil edildi. Xatırladaq ki, 2016-cı il aprelin 1-i ön xətdə döyüş növbətçiliyi aparan bölmələrimiz qəfil hücuma məruz qalsa da, şəxsi heyət düşmənin müqavimətini qırmış, bölmələrimiz əks-hücum ilə düşməni geri çəkilməyə məcbur etmişdi. Doğrudur, həmin döyüşdə neçə-neçə qəhrəmanlarımızı şəhid verdik. Bununla belə, ordumuzun güclü əzmi və səyi nəticəsində Lələtəpə yüksəkliyi və ətraf bölgələr düşməndən tamamilə azad edilmiş oldu.

Zəfər döyüşlərində iştirak edən, qəhrəmancasına odun-alovun içərisinə özünü atanlardan biri də “Azərbaycan Bayrağı” ordenli gizir Tahir Misirxanovdur. Tahir müəllimlə görüş zamanı fikirlərini öyrənmək yerinə düşdü:

- Ömrümü orduya həsr etmişəm. Məşğələlərdə, təlimlərdə döyüşçü kimi formalaşdım və bir gün də eşitdim ki, bizə döyüşə atılmaq haqqında əmr verilib. Onda 2016-cı ilin ilk aprel gecəsi idi. Hamımız bir nəfər kimi silahlanıb mühüm əhəmiyyətli yüksəkliyi düşməndən azad etmək üçün savaşa girdik. Aprel döyüşləri barədə söz düşəndə şəhid silahdaşlarımı xatırlayıram. Onlar Vətən naminə şirin canlarını əsirgəməkdən çəkinmədilər, torpaq uğrunda şəhid oldular və insanlığın ən uca, ali zirvəsinə yüksəldilər. Doğru deyiblər ki, torpaq onda Vətəndir ki, onun uğrunda can əsirgəməyən oğulları var. Biz Azərbaycanımızın ərazi bütövlüyünü təmin etmək üçün hər an döyüşə atılmağa hazırıq. Məhz aprel savaşında olduğu kimi, düşmənə qətiyyətimizi sübut edib torpaqlarımızı azad edəcəyik. Bu gün bütün silahdaşlarım da Ali Baş Komandanın "İrəli!" əmrini səbirsizliklə gözləyirlər. Tezliklə işğaldan azad edəcəyimiz ərazilərimizdə üçrəngli bayrağmız qürurla ucalanda şəhid dostlarımızın ruhu şad olacaq. Onda Elnurun da, Xocalıdan olan şəhid əsgərimiz Sarvanın da, şəhid tabor komandiri Rasim Məmmədovun da, tanıdığım və tanımadığım neçə-neçə şəhidimizin ruhu göylərə ucalacaq. Mən də həmin günün - Böyük Qələbə günümüzün həsrəti ilə yaşayıram.

Bu gün çox xoş oldu mənə və mənim kimi silahdaşlarıma ki, yetişən nəsil də torpaqlarımızın həsrətini çəkirlər. Bu gün təlim keçmək üçün könüllü olaraq cəbhə bölgəsinə gəliblər. "ASAN" xidmətin rəhbərliyinə, Müdafiə Nazirliyinə minnətdarlığımı bildirirəm gənclərimizə belə şərait yaratdıqlarına görə. Hərbi təlim haqda müəyyən informasiyalar əldə edəcəklər. Həmçinin, vətənə olan sevgi qəlblərində daha da böyüyəcək və düşməndən intiqam almaq hissi ilə alışıb-yanacaqlar. 

Qeyd edək ki, Tahir Misirxanov "Aprel döyüşləri" zamanı 6 erməni tankını məhv edib. Hansı ki, hər tankın içində onlarla erməni əsgəri olub. Bununla da Azərbaycan Ordusunun tarixinə möhürünü vurub. Amma özü demiş, hələ bu cür "möhürlərdən" neçəsi vurulacaq:

- Nə qədər ki, canımda can var, onlarla yox, yüzlərlə erməni tankını məhv edəcəyəm!.

P.S. Azərbaycanın müasir tarixində parlaq iz buraxan 2016-cı ilin aprel döyüşlərindən bizi üç illik  zaman məsafəsi ayırır. Xalqımıza uzunmüddətli atəşkəs dövründə ilk dəfə qələbənin sevincini yaşadan bu döyüşlər zamanı şəhid olan qəhrəmanlarımız tarixə iz qoyub getdilər. Qalanlar isə Milli Qəhrəmanlara çevrildilər. 

Aprel döyüşləri nəticəsində Cocuq Mərcanlıdakı Lələtəpə yüksəkliyində bu gün Azərbaycan bayrağı dalğalanır. Həmin bayrağı realda görmək, fəxrlə izləmək çox qürurvericidir. Bunun üçün bizə şərait yaradan Müdafiə Nazirliyinə, təşəbbüskar olan "ASAN" xidmətə təşəkkürümüzü bildiririk.

Hazırladı: Könül Aypara