\
24 Aprel 2024 - Çərşənbə

Erməni bayrağını çıxarıb, yerinə Azərbaycan bayrağını sancan “Tankçı Şakir”

Erməni bayrağını çıxarıb, yerinə Azərbaycan bayrağını sancan “Tankçı Şakir”
1751baxış
O, Horadizin fəxridir! Bəzən heç adı ilə çağırmırlar, “Tankçı” ləqəbi ilə daha məşhurdur. ... Tankçı Şakir Bayramov...
 
1994-cü ilin yanvarın 5-dən 6-na keçən gecə düşməndən azad edilən Horadiz qəsəbəsinə daxil olan ilk hərbçilərdən biridir. Horadizdə erməni bayrağını çıxararaq yerinə Azərbaycan bayrağını sancan da Şakir Bayramov olub. O, həmin günləri belə xatırlayır:
 
 “1993-cü ildə orduda pərakəndəlik hökm sürürdü. Vahid komandanlıq yox idi. Düşmən bundan istifadə edərək torpaqlarımızı işğal edirdi. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bütün silahlı qüvvələr vahid komandanlığa tabe edildi. Heydər Əliyevin birbaşa cəbhə xəttinə - döyüş gedən bölgəyə gələrək əsgərlərlə görüşməsi hərbçilərdə böyük ruh yüksəkliyi yaratdı. Hamımız silaha sarılıb döyüşə atıldıq. Düşmən qarşımızda tab gətirmədi. Bir gün ərzində erməniləri Bəhmənlidən Cocuq Mərcanlıyadək qovduq. Sonrakı gün Cocuq Mərcanlını da azad etdik”.
 
1970-ci ildə Horadiz qəsəbəsində anadan olan Şakir Bayramov 1992-ci ildə könüllü olaraq Vətənin müdafiəsinə yollanıb. Cəbhənin Füzuli istiqamətində gedən döyüşlərdə düşmənin bir neçə texnika və canlı qüvvəsini məhv edib. 1996-cı ildə ordu sıralarından tərxis olunub. İki övlad atasıdır.
 
Cəsur tankçı hazırda Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşıdır. O, vaxtilə döyüşlər getmiş ərazilərin mina və digər hərbi sursatlardan təmizlənməsində iştirak edib.
“İnanıram ki, ordumuzun 1994-cü il Horadiz əməliyyatı və 2016-cı ilin aprel döyüşləri zamanı qazandığı qələbələrin davamı gələcək, üçrəngli bayrağımız Horadizdə, Cocuq Mərcanlıda olduğu kimi, Qarabağın bütün şəhər və kəndlərində dalğalanacaq. İşğal altındakı torpaqlarımızın düşməndən azad olunması üçün bu gün də döyüş meydanına atılmağa hazıram”, – deyə Şakir Bayramov qətiyyətlə bildirib.
 
P.S. Biz də sizin kimi qəhrəmanlarımıza arxayınıq. Tezliklə üçrəngli şanlı bayrağımız Qarabağımızın döyünən ürəyində - Şuşada və digər şəhərlərimizdə dalğalanacaq. 
 
Könül Aypara