\
16 Aprel 2024 - Çərşənbə axşamı

Fuad Biləsuvarlının şeirləri...

Fuad Biləsuvarlının şeirləri...
1939baxış

Anadır!

Baxışları günəş saçan nurdu, nur,
Nə hikmətdi analarda bu qürur!
Göydə bizim Allahımız - tək Odur,
Yerdə bizim Allahımız – anadır!

Şahanədi danışanda, güləndə,
Qucaq açır övladını görəndə.
Səcdə qılaq anamıza hər yerdə,
Yerdə bizim Allahımız – anadır!

Rahatlanmaz gözümüzdə yaş görsə,
Çox darıxar işimizi çaş görsə.
Kefi olmaz yolumuzda daş görsə,
Yerdə bizim Allahımız – anadır!

Qayğısını əsirgəməz övladdan,
Ac qalsa da, saxlayar öz payından.
Bir vətəndən yoxdu, bir də anadan!
Yerdə bizim Allahımız – anadır!

Hər bir ana – mənim əziz anamdı!
Onlar mənim nəfəsimdi, duamdı!
Varlığımdı, xoş xəyalım, röyamdı!
Yerdə bizim Allahımız – anadır!

Hər evdən kaş gəlsin ana nəfəsi,
Quran surəsidi – Ana kəlməsi.
Fuad agah edir indi hər kəsi,
Yerdə bizim Allahımız – anadır!

 

Bu qadın...

Yorğundu çöhrəsi, qəmlidi üzü,
Bezir bu həyatdan, bezir bu qadın!
Öyrəşib dərdini tənha çəkməyə,
Dərdiylə özünü əzir bu qadın!

Qaranlıq gecədən çıxa bilmir o,
Sevib, bir ürəyə axa bilmir o.
Həyatın üzünə baxa bilmir o...
Havalı-havalı gəzir bu qadın!

Dərdini Allaha deyibdi... yazıq!
Özünü içindən yeyibdi... yazıq!
Qayğılar qəddini əyibdi... yazıq!
Düşüb taleyinə əsir bu qadın!

Müəllif: Fuad Biləsuvarlı

Ay nənə!

Özüm kimi məhəbbətim yetimdi,
Yarımadım məhəbbətdən, ay nənə!
Bu dövranda yaşamaq çox çətindi,
Xeyir gəlmir dəyanətdən, ay nənə!

Yaxşılar da inan mənə, az qalıb,
Süfrələrdən çörək gedib, duz qalıb.
Çoxu vallah guya indi düz qalıb...
Düz olmaqda yoxdur sənə tay, nənə!

Atam ölüb, səninlə tək qalmışam,
Söhbətinə, sözünə tən qalmışam.
Ən ərköyün nəvən də mən olmuşam,
Arzun olub edən mənə toy, nənə!

Göz açandan olduq Allahın qulu,
Yolumuz da Seyid, İmamın yolu.
Əslimiz, kökümüz uludan ulu,
Bizdə hər vaxt seçilibdi soy, nənə!

Müəllif: Fuad Biləsuvarlı

Mehriban xanıma.

Zəfərlər bəxş etdin Azərbaycana,
Muğamı sevdirdin böyük cahana.
Oldun xalqımıza ən əziz ana!
Səni var olasan əziz Mehriban!
Səninlə öyünür can Azərbaycan!

Dağların vüqarı, qüdrəti səndə,
Atanın, ananın şöhrəti səndə.
Nigarın, Həcərin isməti səndə,
Səni var olasan əziz Mehriban!
Səninlə öyünür can Azərbaycan!

İlhamla baş-başa verib vətənin,
Çəkdiniz üstündən dumanı, çəni.
Xalqımız da 
deyir, lap mən deyəni,
Səni var olasan əziz Mehriban!
Səninlə öyünür can Azərbaycan!

Göz bəbəyi  kimi Azərbaycanı,
Qoruyub, artırdın şöhrətin, şanın.
Qazandın sevgisin hər bir ananın,
Səni var olasan əziz Mehriban!
Səninlə öyünür can Azərbaycan!

Müəllif: Fuad Biləsuvarlı

Qənirə xanıma.

Yaxşılıq əlini çəkmə əlimdən,
Yenə də ən yaxşı əməlləri yap.
Xeyirxah işlərlə məşğul ol yenə,
Harda kimsəsiz var sən axtarıb tap.

Sənə güvənirik millət vəkili!
Bu elin, millətin güvənc yerisən.
Tanrı tərəfindən çəkilib şəklin,
Lap səcdə qıldığım ocaq, pirimsən.

Tovuzda doğulub, böyüsən də sən,
Bütöv Azərbaycan qızısan, qızı.
Halaldır anadan əmdiyin o süd,
Bir kəsin yollarda qoymadın gözün.

Vətənlə səslənir adınız qoşa,
Vətənə Tomirislər qədər yaxınsan.
Bu xalqın hamısı bacın- qardaşın,
Deməli hamıya doğma, qohumsan.

Sevir səni bütün şərqi Asiya,
Cahanı dolaşdı şöhrətin, şanın.
Üçrəngli bayrağı basıb sinənə,
Göylərə yüksəltdin Azərbaycanı.

Zəfərlər, uğurlar sənindir, sənin,
Hara gedirsənsə sənə yaxşı yol.
Sən ki, bu milləti qoymursan darda,
Qarşında baş əyib deyirəm “ sağ ol”!

Müəllif: Fuad Biləsuvarlı

Yetər, bacım, yetər, döz.

Bu həsrət də bir anlıq,
Bitər, bacım, bitər,döz.
Qəribanlıq, tənhalıq,
Ötər, bacım, ötər, döz.

Geri dönər itənin,
Toya dönər matəmin.
Sonu çatar sitəmin,
Gedər, bacım, gedər, döz.

Yaza dönər soyuq qış,
Ötüb keçər qar - yağış.
O həsrətli, bir baxış,
İtər, bacım, itər, döz.

Gələr sevinc zamanı,
Eh, neynirsən ad - sanı?
Dünya fani, nə fani!
Betər, bacım, betər, döz.

Pozma qəlbdə nizamı,
Almazsan ki, sən kamı.
Dəli edir adamı,
Kədər, bacım, kədər, döz.

Lətafətli gül olsan,
Eşq yolunda kül olsan.
Məhəbbətə qul olsan,
Hədər, bacım, hədər, döz.

Sən unutma yarını,
Dərəcəksən barını.
Həyat, aldıqlarını,
Ödər, bacım, ödər döz.

Dünyaya açsan qucaq,
Sönə bilməz od- ocaq!
Hər şey yaxşı olacaq,
Yetər, bacım, yetər, döz.

Müəllif: Fuad Biləsuvarlı

Bağışlayıram...

Qəlbimdən qəlbinə çəkdiyim yola,
Hər gün xalı sərib naxışlayıram.
Pulum yox, daş-qaşa gümanım gəlmir,
Mən sənə qəlbimi bağışlayıram.

Gülüm, ad gününə gəldim utancaq,
Çöldən çiçək dərdim mən qucaq-qucaq.
Yəqin ki, hədiyyə istərsən, ancaq
Mən sənə qəlbimi bağışlayıram.

Saxla gözlərinin üstündə onu,
Qoru tər sinənin üstündə onu.
Budur təbrikimin, arzumun sonu,
Mən sənə qəlbimi bağışlayıram!

Müəllif: Fuad Biləsuvarlı

Qadına nə lazım bundan savayı?

Yanında cananı, yoldaşı olsun,
Hərdən sirr açmağa sirdaşı olsun.
Tez-tez yoxlamağa qardaşı olsun,
Qadına nə lazım bundan savayı?

İmkan daxilində xoş et ürəyin,
Heç vaxt əsirgəmə gülün, çiçəyin.
Bol et sevgisini, bol et çörəyin,
Qadına nə lazım bundan savayı?

Oturub fikirdən çatmasın qaşın,
Ağrılar görməsin qayğıdan başı.
Yalnız məhəbbətdən axsın göz yaşı,
Qadına nə lazım bundan savayı?

Müəllif: Fuad Biləsuvarlı

Analıq adını daşıyan qadın.

Dünən bir qız idin, bu gün anasan,
Analıq adını daşıyan qadın.
Boğub ürəyində zülmü, əzabı,
Övlad xatirinə yaşayan qadın.

Kipriyin üstündə od götürürsən,
Övladın ac-susuz qalmasın deyə.
Övlada nələrdən keçməyirsən ki,
Qoymursan qəlbinə bir kimsə dəyə.

Yerbəyer edincə övladlarını,
Rahatlıq bilmədin ay yazıq qadın.
Elə hey işlədin kişi yerinə,
Bilmədin sevginin, həyatın dadın.

Səni ağlatdılar gün oldu hətta,
Dözdün dözməyinə naəlac idin.
Çox oldu qəlbinə vurdular balta,
Olurdu ömründən tez-tez bezirdin.

Gəldi elə zaman, elə dövran ki,
Onlar özü sənə möhtac oldular.
Sən daim zirvədə, ucalıqlarda,
Səni incidənlər darda qaldılar...

Müəllif: Fuad Biləsuvarlı

Həsrətli qadın!

Nələrin olsa da bəxtin olmadı,
Xoşbəxtlik adında taxtın olmadı.
Dincini almağa vaxtın olmadı,
Ay həsrətli qadın, həsrətli qadın!

Namusla böyütdün oğul-uşağı,
Başların etmədin heç vaxt aşağı.
Onlara əlçatan etdin uzağı,
Ay həsrətli qadın, həsrətli qadın!

İçində gizlətdin ehtiyacını,
Büruzə vermədin ağrı-acını.
De harda itirdin sevgi tacını?
Ay həsrətli qadın, həsrətli qadın!

Sənin itirdiyin səadətdi bil,
Ömrü gödək olan məhəbbətdi bil.
Qazancın bəs nədir? Dərd, həsrətdi bil,
Ay həsrətli qadın, həsrətli qadın!

Düşmüsən tufana, düşmüsən selə,
Yaxşı əməlinlə düşmüsən dilə.
Necə də qocalıb, düşmüsən belə,
Ay həsrətli qadın, həsrətli qadın!

Sazaqlı havaya, qışa öyrəşdin,
Ayağın çox dəydi daşa öyrəşdin.
Gözlərin ağladı, yaşa öyrəşdin,
Ay həsrətli qadın, həsrətli qadın!

Müəllif: Fuad Biləsuvarlı