\
29 Mart 2024 - Cümə

Varlığında varam mən... - Rəşad Məhəmmədoğlu

Varlığında varam mən... - Rəşad Məhəmmədoğlu
1875baxış
VARLIĞINDA VARAM MƏN
 
 
Dolub otağına ayrılıqlar da,
Ağlayır halına o arzular da
Tutdu əllərindən tənhalıqlar da,
Sən də əllərini çəkmədin, axı.
*
Sən onsuz əzabda, sonu da heçə,
Ürək dağ yükündə, çəkirsən necə?
Biz yatıb dincəldik hər gün, hər gecə,
Sən isə yuxuya getmədin, axı.
*
Zamanın taqətsiz, ləngdir, sürünür,
Küçələr işıqsız, qəmə bürünür,
Sənin pəncərəndən işıq görünür, 
Gözünü yollardan çəkmədin, axı.
*
Dedik, birin sevir, aldanma özün,
Aşiqlər arxanca çox,düzüm-düzüm,
Onu elə sevdin, kor oldu gözün,
Səni sevənləri sevmədin axı.
*
Necə deyim unut, ey azad əsir?
Onu unutduqca unutmaq küsür,
Başının üstünü intizar kəsir,
Nə də başdan uzaq etmədin axı.
*
Keçdikcə ömründən, zaman,ərəfə,
Sən də tələsərsən zaman tərəfə,
Qalan ümidini üzmə hər dəfə
Barış ürəyinlə, əzmədin axı.


Rəşad Məhəmmədoğlu