\
16 Sentyabr 2019 - Bazar ertəsi

Sənətinin məcnunu, səhnəmizin Leylisi. - FOTOLAR

Sənətinin məcnunu, səhnəmizin Leylisi. - FOTOLAR
1488baxış
2011- ci ildən Azərbaycanın bir çox qaymaq sənətkarları, bal səsli xanəndələri müğənniləri, mənim şeirlərimə bəstələnmiş nəğmələri oxuyublar. Hamısının özünəməxsus səs tembiri, gözəl şirin avazları var. Amma o gözəl səslərin içərisində bir gözəl səs də var ki, o da respublikanın əməkdar artisti, Akademik Opera və Balet Teatrının solisti, Milli Konservatoriyanın dosenti Gülüstan xanım Əliyevadır.
Gülüstan Əliyeva 8 aprel 1967-ci ildə Azərbaycanın dilbər guşələrindən biri olan Yevlax rayonunda dünyaya göz açıb. Gülüstan xanımın hələ kiçik yaşlarından musiqiyə, xalq mahnılarımıza çox böyük meyili olub. Orta məktəbdə oxuyanda atası qızının musiqiyə həvəsini, sevgisini görüb onu və bacılarını musiqiyə cəlb edib. Hələ məktəbliikən "Pionerlər evi"ndə musiqi təhsili alıb. 1981-ci ildə keçirilən Gənc İstedadların Respublika Müsabiqəsində üç turun üçündən də əla qiymət alıb. Müsabiqənin qalibi olan Gülüstan xanım 1982-ci ildə Yevlaxdan Bakıya Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə təhsil almağa göndərilib. Muğamın sirlərini də rəhmətlik, böyük sənətkarımız İslam Rzayevdən öyrənib. 1985-ci ildə məktəbi fərqlənmə və tərifnamələrlə bitirib. Elə həmin il Dövlət Konservatoriyasında açılan muğam sinfinin ilk tələbəsi və ilk məzunu olub. 1990-cı ildə konservatoriyanı fərqlənmə ilə bitirib. 1995-1996-cı illərdə Muğam Teatrında solist işləyib. 1997-ci ildən Akademik Opera və Balet teatrının solistidir. İlk dəfə "Leyli və Məcnun" operasında Məcnunun anası rolunu oynayıb. "Leyli və Məcnun"da Leyli, "Aşıq Qərib"də Şahsənəm, "Şah İsmayıl"da Ərəbzəngi, "Gəlin qayası"nda Sənəm, "Arşın mal alan"da Cahan, "O olmasın, bu olsun"da Sənəm, "Natəvan"da xanəndə qız obrazlarını yaradıb. Gülüstan xanım elə indinin özündə də Opera və Balet teatrında o tamaşaları sevə- sevə oynayır. Özünün də söylədiyinə görə ən yaxşı tərəfmüqabili kimi Məcnun rolunda Respublikanın Xalq artisti Mənsum müəllim İbrahimovdu. Milli Konservatoriyanın və İncəsənət Gimnaziyasının müəllimidir. Özü müəllimlərindən nə öyrənibsə tələbələrinə də o bildiklərini aşılayır. Müəllim var gözəl sənətkardı. Amma tələbələrinə çox şeyi öyrətmir. Mən dəfələrlə Gülüstan xanımın dərslərində olmuşam. Nəinki öz bildiyini, hətta müəllimlərindən öyrəndiklərini də tələbələrinə aşılamağı bacarır. Bəlkə elə ona görədir ki, bu gün Gülüstan xanımın tələbələrinin səsi muğam müsabiqələrindən, festivallardan gəlir. Mən müəllimi bir bağbana bənzədirəm. Tələbələri isə bağbanın əkdiyi ağacın barına, meyvəsinə. Tələbə nə qədər uğur qazansa o qədər də müəlliminin başının ucalığıdı. Bu gün nə yaxşı ki, Gülüstan xanım kimi sənətkarlarımız var. Və tələbələrini ayaqları yer tutana qədər əllərindən gələn köməkliyi əsirgəmirlər. Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasəsən Gülüstan xanım 2005- ci ildə Respublikanın əməkdar artisti fəxri adına layiq görülüb. 2017-ci ildə, 2018-ci ildə Prezident Mükafatına layiq görülüb. Gülüstan xanım istər estradımızın, istər muğamlarımızı çox gözəl peşəkarcasına oxuyub sevənlərinə çatdırmağı bacarır. Oxuduğu nəğmələrlə geniş tamaşaçı kütləsi qazanıb Gülüstan xanım. Ona bir dəfə sual vermişdim ki, Gülüstan xanım siz nə edirsiniz ki, belə gözəl görünürsünüz? O da cavabında gülümsündü və belə cavab verdi. Dedi, Fuad əzizim qəlbimin təmizliyindən, düzlüyündən, saflığındandı hamısı. O gözəllik də üzümə, zahirimə çıxıb. İndi elə zamanda yaşayırıq ki, elə dövranda yaşayırıq ki, hər adamla da dostluq etmək olmur. Əsl dostluq doğmadan da əziz olmalıdı sənə. Əbəs yerə şair deməyib ki, "dostun yoxsa kasıblardan kasıbsan". Bu həqiqətən elədir. O adamın ki, dostu yoxdu o insan mənəvi cəhətdən çox kasıb sayılır. Allahın bu gününə çox şükr ki, Allah birinci növbədə mənə istedad verib. Allah mənə istedad verməsəydi nə şeirlərim olardı, nə yaradıcılığım olardı, nə də ki şeirlərimə bəstələnmiş nəğmələr olardı. Heç Gülüstan xanımla işbirliyimiz də olmazdı, dostluğumuz da. Çox şükür Allahın bu gününə, min şükür ki, sənətkar bacımla qırılmaz yaradıcılıq telləri dostluğumuzla daha da möhkəmləndi. Nə yaxşı ki, bu cür mərhəmətli sənətkar dostlarım var. Əsl dostu dar gündə tanıyarlar. Gülüstan xanımın gözəl ürəyi kimi, gözəl də təmiz qəlbi var. Təkcə Azərbaycanda, xaricidə olan konsertlərlə deyil, həm də toylarımızın yaraşığıdı Gülüstan xanım. Həmişə Gülüstan xanımın səs imkanlarını tələbə yoldaşı rəhmətlik böyük sənətkarımız Elçin Cəlilovla müqayisə edirəm. Elçin müəllim kimi Gülüstan xanım da musiqinin hər bir janrında oxumağı bacarır. Həcər qeyrətli, Nigar ismətli Gülüstan bacımın üzü gülsə də həmişə gözlərinin dərinliyində nisgil, kədər, illərin ağrılı həsrətini açıq-aydın sezmək olur. Bu da onunla bağlıdır ki, həyat yoldaşı, həm də qardaşı torpaqlarımız uğrunda şəhid olublar. O şəhid vətənpərvər qəhrəmanların əziz xatirəsi hər zaman Gülüstan xanımın xəyalında bir həsrətli film kimi canlanır və gəlib gözlərinin önündə təcəssüm edir, görünür. Bu cür mübariz qadınlara sağlığında heykəl qoymaq lazımdır ki, gələcəkdə ailə qurmaq istəyənlərə görk olsun, örnək olsun. Allah bir tərəfdən kədər verəndə, bir tərəfdən də gözləmədiyin halda səni sevinclə mükafatlandırır. Yaxşı ki, sənətkarın bir oğulu, gəlini bir şirin nəvəsi var. Heç olmasa həyat yoldaşının qoxusunu oğlundan alır. Əziz sənətkar bacım sizə uzun ömür, gələcək işlərinizdə uğurlar arzu edirəm.
Dərin hörmətlə: AYB üzvü, Prezident mükafatçısı Fuad Biləsuvarlı