\
25 Aprel 2024 - Cümə axşamı

Rusiyanın İrəvandakı qalmaqallı səfirinə yeni vəzifə verilir

Rusiyanın İrəvandakı qalmaqallı səfirinə yeni vəzifə verilir
1635baxış

Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasini vəzifəsində Rusiyanın Ermənistandakı keçmiş səfiri İvan Volınkin əvəz edə bilər.

Bu məlumatı “Kommersant” qəzeti yayıb. Federasiya Şurasına namizədliyi irəli sürüləcək Karasinin yerinə hazırda 3 namizədin nəzərdən keçirildiyi və bu namizədlər içərisində daha realının hazırda XİN-in Konsulluq Departamentinin rəhbəri olan Volınki olduğu bildirilir.

Qeyd edək ki, Karasin Rusiyanın MDB ölkələri üzrə xarici siyasətinin əsas kuratoru sayılır.

Volınkin SSRİ və Rusiya Xarici İşlər Nazirliyində 40 ilə yaxındır ki, çalışır. O, Yuqoslaviya, ABŞ, Serbiya və Çernoqoriya, Gürcüstan və Makedoniyada SSRİ və Rusiya diplomatı kimi fəaliyyət göstərib. 2009-2013-cü illər Rusiya XİN-in rəhbəri Sergey Lavrovun köməkçisi olan Volınkin daha sonra Ermənistana səfir göndərilib və burada 2018-ci ilə qədər çalışıb.

İrəvanda olduğu dönəmdə o, bir sıra qalmaqallı çıxışları ilə seçilib. Məhz Volınkinin dönəmində Ermənistanın Avrasiya İttifaqına üzvlüyü məsələsi tam həllini tapıb, Rusiya-Ermənistan vahid ordu birləşməsi, 102-ci bazanın şəxsi heyətinin tərkibinin genişləndirilməsi baş verib. Volınkin həmçinin vəzifəsinin sonuna yaxın İrəvanda məxməri inqilaba da şahidlik edib. Onu məşhur edən başqa bir məqam Qarabağ məhsullarının Avrasiya İttifaqı bazarlarına çıxarılması təklifi olub. Ermənistan mətbuatının öz mənbələrinə əsasən yazdığı bu informasiya sonradan Ermənistandakı Rusiya səfirliyi tərəfindən təkzib edilib. (axar)

Mediapress.az