\
24 Aprel 2024 - Çərşənbə

Fazil Mustafa onu tənqid edənlərə sərt cavab verdi

Fazil Mustafa onu tənqid edənlərə sərt cavab verdi
1887baxış

“Üzərimə gələnlər tarixdən xəbərsizdirlər”

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa son günlər “məhşər ayağına” çəkilir. Səbəb də onun “Şah İsmayıl Xətai medalı”nın ləğv edilməsi barədə fikirləridir. Son olaraq, “Yeni Müsavat”da F.Mustafanın həmkarları Fəzail Ağamalı və Fərəc Quliyev ona iradlarını bildiriblər.

Partiya sədrinə cavab haqqı tanıdıq. Deputat onu tənqid edənlərə sərt reaksiya verdi: “Burada ən çox savadsızlıqdan söhbət gedir. Mənə sual veriblər ki, belə bir ordenin olmasına necə yanaşırsınız. Mən də demişəm ki, müsbət yanaşmıram. Bu, bir fikirdir. Kimsə qəbul edə bilər ki, bu doğrudur və verilməlidir. Bu da onun fikridir və ona hörmətlə yanaşmaq lazımdır. Kiminsə inanca, təriqətə gedib çıxmasını anlamaq mümkün deyil. Demək, bu adamlar mətn oxuyub, başa düşmək iqtidarında deyillər. Onlar məzhəbi, təriqəti qabardaraq göstərməyə çalışırlar ki, sanki biz bunun müdafiəçiləri kimi məsələyə müdaxilə edirik. Məsələn, gözləmədiyim halda tarixçi kimi tanınan, özünü bilgili tarixçi kimi təqdim edən Fəzail Ağamalı bildirir ki, əvvəllər Fazil Mustafa şiə olub, sonradan sünniliyi qəbul edib. Adam bunu bilir, mən nə sünniliyi, nə də şiəliyi qəbul edirəm. Ümumiyyətlə, məzhəbçiliyə, təriqətçiliyə anormallıq kimi baxıram. Belə insanlar İslamın mahiyyətini anlamır. Kimsə özünə deyirsə ki, filan təriqətin tərəfiyəm. Demək, Quranı oxumayıb. Bu mülahizə ilə mübahisəyə girməyin adı nədir? Açığı, bunu tapmaq çətindir. Tarixə fərqli yanaşmalar ola bilər. Kimsə ideallaşdıra bilər, məsələlərə fərqli yanaşar. Amma belə məlum olur ki, bunlar nə Ağaoğlunu, nə Rəsulzadəni, nə Həsən bəy Zərdabini, nə Sabiri, nə də Nəriman Nərimanovu oxuyublar.

Bizim düşündüyümüz budur ki, Azərbaycan tarixini daha çox Dədə Qorqud mədəniyyətini, Nadir vizyonunu qabardaraq müasir modelimizi gələcək üçün qurmalıyıq. Onun nəticəsindədir ki, 1915-ci ildə Osmanlı Ənvər Paşanın göstərişi ilə Xəlil Paşa Təbrizi tutur. Azərbaycanı, Qafqazları birləşdirmək ideyasını gerçəkləşdirməyə çalışanda ona azərbaycanlılar müqavimət göstərirlər. İrançılıq zehniyyətimizdə qalır. 1918-ci ildə həmin qoşun Təbrizə girir və o vaxt Xiyabanı daşnaklarla birləşib onunla savaşır, onun uğur qazanmasına imkan vermir. O zaman nə yaxşı ki, bizdə 20-30 nəfər sağlam düşüncəli ziyalı var idi. Onlar türk ordusunun gəlməsindən başqa zərurət görmürlər. Nəticədə Bakını işğaldan azad edib dövlət qurublar. Şimalda ağlımız çatdı, dövlət qura bildik. Amma cənubda bunu edə bilmədik. Səbəb də yuxarıda qeyd etdiyimiz zehniyyətin olması idi. Bu, müzakirə olunmalı məsələdir.

Xətainin 500 illiyini sovet dövründə universitetdə keçən adamam. Böyük bir təntənə ilə tədbir keçirmişdik. Bizə o zaman lazım idi ki, imperiya qarşısında deyək ki, bizim də imperiyamız, dövlətimiz olub. Bunu qabartmaq bizə lazım idi. Tarixdən dəyər götürməliyik. Dəyərimiz birinci İslam dəyəridir. Bunu da Nadir Şah missiyası daha doğru ifadə edirdi. O möhtəşəm bir adam olub. Dədə Qorqud kimliyi üzərində dayanmalıyıq. Çünki o, oğuz mədəniyyəti nümunəsidir. Digər faktorlar bizi İrana bağlayır. Ziyalılarımızın yolu ilə də getməyimiz vacibdir. Bizlər Rəsulzadənin, Əli bəy Hüseynzadənin yolu ilə getməliyik. Rəsulzadə Nuru Paşanın şərəfinə verilən ziyafətdə deyib ki, bu, bizim ikinci dəfə işğaldan azad olunma faktımızdır. Hətta onu da deyib ki, 350 il öncə osmanlı ordusu bizi səfəvilərdən xilas etdi. Nə üçün o, bunları deyirdi? Rəsulzadə bilmirdi ki, nə danışır?"

Deputat fikirlərinə bu cür davam etdi: “Üzərimə gələnlər tarixdən xəbərsizdirlər. Kiminsə özünü necə adlandırmağının mənə dəxli yoxdur. Osmanlını da tənqid etdiyim məqamlar var. Osmanlının türk dilinə münasibəti ən biabırçı formada idi. Hətta bu münasibət səfəvilərdən daha bərbad idi. Biz Azərbaycanın gələcəyini düşünürüksə, mənfi mirasdan imtina etməliyik. Bizim tariximizin ən böyük dəyəri Axundovdur - hansı ki, bizi mollaxanadan çıxarıb bu günə gətirib çıxarıb. Ölkəmizdə ”xəstələrin" sayı artıb. Həmişə deyirlər ki, səfəvilər və Nadir Şah bizim tariximizdir. Axı bu, belə deyil. Nadir Şah tarixiniz olsaydı, niyə özündən əvvəlkini inkar edirdi? O gördü ki, ölkəni molla bürüyüb. Nadir Şah gələndən sonra bir dənə molla qalmadı. Çünki görürdü ki, ölkə fəlakətə sürüklənir. Bu tipli məsələlərdə tarixə daha geniş rakursdan baxmalıyıq. Yoxsa bunlar əzbərləyiblər, şah babamız filan. Biz də zamanında bunu əzbərləmişdik. İndi 30-40 il öncədə qalaq? Publikanın xoşuna gəlmək üçün bəziləri polemikaya girirlər. Publikanın xoşuna gəlmək mənim əlimdə beş dəqiqəlikdir. Saxta vətənpərvərliklə hara gedəcəksiniz? Bu gün də qəbul etməsəniz, səhəri gün onsuz da bu tezisləri qəbul edəcəksiniz". (musavat)

Mediapress.az