\
19 Mart 2024 - Çərşənbə axşamı

Azərbaycanda müğənni barəsində cinayət işi açıldı

Azərbaycanda müğənni barəsində cinayət işi açıldı
1819baxış
"Müğənni Elnar Xəlilov yerli televiziya kanallarının birində hava limanında özünün də iştirakçısı olduğu bir faktı təhrif edərək ictimailəşdirib. Həmin verilişin tamaşaçıları arasında çaşqınlıq yaranmaması üçün müğəninin qeyd etdiyi insident barədə məlumat verməyi zəruri hesab edirəm. Belə ki, ötən il oktyabrın 22-də gecə saat 2.30-da Elnar Xəlilovla dostu Müşfiq Ələkbərov Heydər Əliyev adına Beynəlxalq Hava Limanının qarşısındakı dayanacaqda avtomobillərini park edərkən digər sürücü Anar Qurbanovla aralarında yaranmış mübahisə nəticəsində əlbəyaxa dava ediblər. Bu zaman Elnar Xəlilov və Müşfiq Ələkbərov Anar Qurbanovun baş və sifət nahiyəsinə əl və ayaq zərbələri ilə xəsarətlər yetirərək şəxs üzərində zor tətbiq olunması ilə müşayət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq ediblər".
 
Bunu "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Natiq Cavadov deyib.
 
N.Cavadov bildirib ki, faktla bağlı Hava Nəqliyyatında Polis İdarəsində araşdırma aparılmış və Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
 
E.Xəlilova və M.Ələkbərova qeyd olunan maddədə nəzərdə tutulan ittiham elan olunan və barələrində başqa yerə getməmək haqqında intizam qətimkan tədbiri seçilib:
 
"Bu il avqustun 31-də istintaq yekunlaşıb, cinayət işi üzrə ittiham aktı tərtib edilərək prosessual rəhbərliyi həyata keçirən Bakı Şəhər Prokurorluğuna göndərilib.
 
Müğənni Elnar Xəlilovun az qala bir il bundan əvvəl törətdiyi qanun pozuntusunu indi təhrif olunan formada ictimailəşdirməsi ən azı təəssüf doğurur. Buna baxmayaraq, bir daha qeyd edirəm ki, qanunlar qarşısında hamı eyni məsuliyyəti daşıyır".