\
29 Mart 2024 - Cümə

Mərhum aktrisanın qızı Mahsun Kırmızıgülün filminə çəkilir

Mərhum aktrisanın qızı Mahsun Kırmızıgülün filminə çəkilir
1697baxış
2014-cü ildə xərçəng xəstəliyindən dünyasını dəyişən mərhum aktrisa, əməkdar artist Xanım Qafarovanın qızı Gövhər filmə çəkilmək üçün sabah Türkiyəyə yola düşür.
 
11 yaşlı Gövhər Türkiyənin məşhur sənətçisi Mahsun Qırmızıgülünrejissoru olduğu "Mücize 2” filmində rol alacaq.
 
Gövhər səfər öncəsi təəssüratlarını azxeber.com-la bölüşüb:
 
"Sevinc və həyəcanım bir-birinə qarışıb. Mahsun Qırmızıgülün filmində rol almaq qürurvericidir. Hələ obrazım barədə danışmayım, çünki məlumatım da yoxdur. Onu deyə bilərəm ki, hamı azərbaycanlı Gövhərdən danışacaq. Vətənimin adını təmsil etməkdən qürur duyuram. Artıq indidən ulduz xəstəliyinə tutulmuşam. Birdən inanarsınız, zarafat edirəm. Yəqin ki, bu film mənə şöhrət gətirəcək, amma heç vaxt başım şöhrətdən gicəllənməyəcək, söz verirəm. Mənə yaxşılıq edən insanları ömrümün sonuna qədər unutmayacam”.
 
 
 
Gövhər arzularından danışıb, gələcəkdə ona dəstək olan, arzusunu gerçəkləşdirən insanlara bənzəmək istədiyini deyib: "Arzularım çoxdur. Anam kimi aktrisa olub, onun yarımçıq qalmış arzularını yerinə yetirəcəm. Ən böyük arzum Mübariz Mənsimov kimi xeyirxah insan olmaqdır”.
 
Gövhər anasını xatırlayaraq kövrəlib: "Son vaxtlar anamı tez-tez yuxuda görürəm. O, yuxuda mənə xeyir-dua verdi. Demək ki, anam məni görür və ruhu şaddır”.
 
Gövhər sabah yola düşəcəyini, İstanbulda yerləşəcəyini və çəkilişlər üçün İzmirə gedəcəyini bildirib.
 
Qeyd edək ki, "Mucize 1” filminin sujet xəttinini 1960-cı ildə Mahir adlı bir müəllimin İzmirdən Şərq rayonlarının birinə təyinat alması və burada üzləşdiyi hadisələr təşkil edir. Film fiziki məhdudiyyətli insanların həyata inteqrasiyasında yaranan çətinliklərdən bəhs edir. Məlumata görə, "Mucize 2” filmi birinci filmdəki hadisələrdən yeddi il sonra baş vermiş əhvalatla bağlı olacaq. Filmdə Əziz adlı fiziki məhdudiyyətli bir gəncin Mahir müəllim sayəsində dəyişən həyatı və bu istiqamətdə yaşanan digər hadisələrə işıq salınacaq.