\
19 Aprel 2024 - Cümə

Saysız-hesabsız təbriklərin ünvanı - Faiq Ağayev! - FOTOLAR

Saysız-hesabsız təbriklərin ünvanı - Faiq Ağayev! - FOTOLAR
1148baxış

Faiq Ağayev 29 dekabr 1971-cı ildə Bakıda anadan olmuşdur. Peşəkar səhnəyə 1988-ci ildə gəlmişdir. Həmin il "Bakı Payızı-88" respublika müsabiqəsinin qalibi olmuşdur. Bu müsabiqədən sonra "Qızıl Payız-89" respublika müsabiqəsində, Beynəlxalq "Vitebsk-90" müsabiqəsində, Beynəlxalq "Yalta-92" televiziya müsabiqəsində də qalib gələrək, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanmışdır.

1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Universiteti bitirdikdən sonra Klavdiya Şuljenko adına "Xarkov-95" Beynəlxalq Retro mahnılar müsabiqəsində və "Qızıl Şlyager" – Mogilyov – 96 Beynəlxalq müsabiqəsində də qalib gəlmişdir.

Bundan sonra Faiq Ağayevin professional səhnə həyatında yüksəliş mərhələsi başlayır. 1996-cı ildən o, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin solistidir. 1995-ci ildə müğənninin "Ola bilməz" adlı ilk albomu çıxır. Bu albomdan sonra 1996-cı ildə çıxan "Səni əvəz eləmir", 1998-ci ildə çıxan "Vəfasızım", 1999-cü ildə buraxılan "Faiq Ağayev – Seçmələr", 2000-ci ildə çıxan "Minilliyin sonu..." və 2002-ci ildə işıq üzü görən "Tam məxfi" albomları müğənninin diskoqrafiyasını davam etdirir.

1998-ci ildə Faiq Ağayev "İlin konserti" nominasiyasında, 1999-cu ildə isə "Dəşti" klipinə görə "İlin klipi" nominasiyasında "Humay" Milli Mükafatının sahibi olur. Həmçinin 1999-cu ildə o, "İlin müğənnisi" nominasiyasında "Grand" Milli Mükafatını qazanır.

2000-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə Faiq Ağayevə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı verilir.

2000-ci ildə "İlin müğənnisi" nominasiyasında "Qızıl Mikrofon" Milli Mükafatını qazanan Faiq Ağayev, 2001-ci ildə "İlin müğənnisi", "İlin albomu" ("Minilliyin sonu...") və "İlin konserti" ("Əsrin və minilliyin son konserti") nominasiyalarında "Grand" Milli Mükafatı sahibi olur.

2007-ci il 7-12 yanvar tarixlərində Heydər Əliyev Sarayında 5 günlük solo konsert keçirməklə Faiq Ağayev Azərbaycan musiqi tarixində rekord müddət müəyyən etmiş olur.

2008-ci ilin 17 sentyabr tarixində Faiq Ağayevə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adı verilmişdir.

Bundan sonrakı bir neçə ildə Faiq Ağayev "Bal kimi", "Hiss et", "Odlanacaqsan", "Billahi", "Əlvida" və s. mahnıları ifa edir.

2012-ci ilin 27-30 dekabr tarixlərində Faiq Ağayevin Heydər Əliyev Sarayında 4 günlük anşlaqlı "VIDA" solo konsertləri keçib.

Pərəstişkarlar arasında "Cənab Qızıl Şlyager" adını qazanan Faiq Ağayev yaradıcılıq fəaliyyəti ərzində 140-dan çox solo konsert verib.

2013-cü və 2015-ci illərdə Beynəlxalq "Eurovision" mahnı müsabiqəsinin Azərbaycan milli münsiflər heyətinin üzvü olub.

 
P.S. Bu gün saysız-hesabsız təbriklərin tək ünvanı Faiq Ağayevdir. Mətbuatdakı 20 illik fəaliyyətimiz ərzində sadiq qalan dostumuzu kollektivimiz adından təbrik edirik! Hər zaman nailiyyətlərə doğru İRƏLİ!