\
27 Aprel 2024 - Şənbə

"Taksi Liza" filminin Qala Gecəsi keçirildi - Fərda: "Halal etmirəm" - VİDEO - FOTOLAR

"Taksi Liza" filminin Qala Gecəsi keçirildi - Fərda: "Halal etmirəm" - VİDEO - FOTOLAR
2091baxış

Mediapress.az xəbər verir ki, dünən “Gənclik Mall”dakı “Cinema Plus”da “Taksi Liza” komediya janrlı filmin Qala Gecəsi keçirildi. Filmə Rövşən Ağayev rejissorluq edib. Baş rollar Fərda Xudaverdiyevə (Amin) və aktrisa, “Maşın-şou”nun qalibi Xəyalə Quliyevaya həvalə edilib. Zemfira Əbdülsəmədova, xalq artisti Cəfər Namiq Kamal, Faiq Mirzəyev və digərləri də filmdə iştirak ediblər. 

Qısaca olaraq,  Dursun taksi sürücüsüdür – görünüşü müasir, özü isə... Düz yeddi dəfə sevdiyi qıza elçi getsə də, qızın atası İftixar bəy qızını taksi sürücüsünə vermir. Həmin ərəfədə İftixar bəy Bakıya gətizdirdiyi məşhur “Mono Liza” əsərini sərgidə nümayiş etdirməyi planlayır. Amma şəkil naməlum şəxslər tərəfindən oğurlanır. Elə hər şey  də bundan sonra başlayır.

Qeyd edək ki, Qala Gecə möhtəşəm şəkildə təşkil olunmuşdu. Bu təşkilatçılıqda “CinemaPlus”un mətbuat xidmətinin rəhbəri Nara Həsənovanın zəhmətini xüsusilə vurğulamaq lazımdır. O ki qaldı sponsorlara, furşet vaxtı "ReddBull" gecəyə qatılanlara ödənişsiz içkilərini təklif edirdi. Bundan başqa, tədbirin təşkilinə “Cinemazadeh” dublyaj studiyası, Cinema Distribution, kafe “Kolorit”, “Yol Nişan”, Ganja Sharab dəstək olublar. 

Tədbirdə iştirak edən qonaqlar arasında Elməddin Cəfərov,  Müşfiq Şahverdiyev, viner Taleh Yuzbəyov, rejissor Aqil M.Quliyev və bir çox tanınmışlar var idi.

İlk əvvəl filmin qəhrəmanları jurnalistlərin suallarını cavablandırdılar: 

Fərda Xudaverdiyev:

- Hamını dəvət edirəm, gəlin baxın. Səhv axtarmayın,  gəlin baxın gülün. İlk dəfə olaraq fərqli imicdəyəm. Amerikan polisi olmaq istəyən azərbaycanlı bir taksi sürücüsünü canlandırıram. Filmin içində mənə məxsus zarafatlar çoxdur. Biz film sektorunda indi-indi cığırı açırıq. İnanmıram ki, 10 ildən sonra hər hansı bir çatışmazlığımız olar. Əsas odur ki, filmə gülmək məqsədi ilə baxaq. Mən filmə aktyor olaraq dəvət alıram. Çalışıram ki, film baxımlı olsun. Büdcəsi barədə nəsə demək filmin istehsalçılarının cavab verə biləcəyi sualdır. Bu gün Azərbaycanda götürsək, mən, Elməddin, İslam, Elcan və s. aktyorlar tamaşaçıları kinoteatra gətirir. Buna görə də rejissorlar bu aktyorları filmə tez-tez dəvət edir. Amma mənim bu günə kimi neçə dənə filmlərdən alacaqlarım var. Burada bu haqda danışmaq istəmirəm. Bilərəkdən mənim haqqıma girənlərə haqqımı halal etmirəm. Tutmayanlar filmlər sırasında da o filmlər yer alır. Amma mən o filmə canımı qoyuram. Komediya mənim işimdir. Amma faciə janrında yenidən filmə çəkilmək istərdim. 

Xəyalə Quliyeva: 

- Bu, 2019-cu ilin ilk filmi olmaqla yanaşı, mənim də ilk filmimdir. İnşallah, uğurlu olar, bəyənilər. Səmimi deyim, bu günə kimi təklif almamışdım. Həmişə rejissorlarla danışanda deyirəm ki, mənə uyğun bir obraz verin. Əsas açıq-saçıqlıq olmasın. Qonarar nə qədər çox olmasının fərqi yoxdur. Bilmirəm mənim çəkimə görədir, ya təsadüfən belə seçilib, çox yemək yeyən bir xanımı canlandırıram. Amma eyni zamanda Fərdanın sevgilisiyəm. Aldığım qonararı barədə qoy heç nə deməyim. Fərda varsa, deməli bu, komediya janrında olmalıdır. Baxmayaraq ki, o özünü faciədə da sınayıb. Amma mən də nə vaxtsa özümü faciə janrında olan filmdə sınamaq istərdim. Bugünkü filmimiz heç də məşhur “Taksi”yə bənzətməyin. Bənzərlik sadəcə hər iki qəhramanın taksi sürücüsü olmasıdır. Mövzu başqadır. Ssenari taksi üzərində yazılmayıb. Şüvəlanda baş tutan çəkilişdə biz istidən yanırdıq. Çəkiliş gedirdi, daha sonra fasilə verilirdi və bizim saçımızın təri fenlə qurudulur, daha sonra yenidən  davam edirdik. Burdan bir söz deyim tamaşaçılara, irad tutmaq üçün filmə baxmaq lazım deyil, zövq almaq üçün baxmaq lazımdır.

Xalq artisti Cəfər Namiq Kamal:

- Məni rejissor Rövşən Ağayev dəvət edib bu filmə. Son dərəcə razı qaldım. Düzdür, sovet dövrü ilə indiki vaxtın filmləri arasında fərq var. Amma gəlin razılaşaq ki, o dövr getdi. Bu gənclərlə çəkilmək xoş oldu. Rövşən məni yenə dəvət etsə, böyük məmnuniyyətlə təklifini qəbul edəcəyəm. Hamıya uğurlar arzulayıram.

Zemfira Əbdülsəmədova:

- Mən sadəcə zövq aldım. Çəkilişimiz asan keçmədi. İsti havalarda tər tökə-tökə işləmişik. Nəticədən xəbərimiz yoxdur. Bu barədə söz demək siz tamaşaçıların öhdəsinə düşəcək. Ümidvarıq ki, razı qalacaqsınız.

Azərbaycan Dövlət Musiqili Komediya teatrının aktyoru Faiq Mirzəyev:

-  İtaliyalı, amerikalı, ispaniyalı rollarında çəkilmişdim. Bu, mənim ilk fransız rolumdur. Dili tam mənimsəməsəm də, tekstimi əzbərlədim. Amma çətin olmadı. Maraqlı bir obrazdayam. İnanıram xoşunuz gələcək. Bacardığımız qədər çalışmışıq ki, tamaşaçıların zövqünü oxşayaq.

Daha sonra aktyorlar Qırmızı xalçadan keçib, tamaşaçılarla bərabər filmi izlədilər. 

P.S. Film həqiqətən də Azərbaycan teleməkanında əsl komediya üslubunda çəkilib. Bunu zalda əyləşən tamaşaçıların qəhqəhələrindən açıq-aydın hiss etmək olurdu. 

Hazırladı: Könül Aypara