\
26 Aprel 2024 - Cümə

Nadirlə Ayan Zəngilanın işğal günündə... - VİDEO

Nadirlə Ayan Zəngilanın işğal günündə... - VİDEO
1029baxış
Dünən Zəngilan rayonunun işğalından 26 il ötdü. 1993-cü il oktyabrın 29-u Zəngilan mənfur düşmən tərəfindən işğal olunub. Rayonun sakinləri uzun müddət təpədən dırnağadək silahlanmış yağı düşmənin hücumlarına mərdliklə sinə gərib, əli yalın da olsa, düşmən qabağından qaçmayıb. Qanlı döyüşlərdə Zəngilan 188 şəhid verib, rayonun 44 sakini itkin düşüb. Və hələ də o 44 nəfərin aqibəti bəlli deyil... Bölgələrimizə, Bakıya pənah gətirən Zəngilan qaçqınları isə öz dədə-baba yurd-yuvalarının acısı ilə yaşamaqdadır... Gözləri yaşlı, baxışları qəmli...
 
Biz nə edirik? Onları bağrımıza basıb, dərdlərinə şərik olmaq, ürək-dirək vermək əvəzinə nə edirik?
Məsələn, 26 ildən sonra Zəngilan qaçqınlarına nə kimi təsəlli verdik? Media nümayəndəsi olaraq əlimizdən yazıb-pozmaqdan başqa bir şey gəlmir. Amma hər peşənin sahibi kaş ki məhz elə bu cür yanaşma tərzi göstərə bilərdi. Hər peşə dedikdə, elə incəsənət aləminin nümayəndələri də nəzərdə tutulur. Əsasən də el şənliklərinə, tədbirlərə minlərlə manat hesabına iştirak edən müğənnilər. Bəzən hətta hərbi hissələrdəki, cəbhə bölgələrindəki konsertlər üçün belə qonorar tələb edən müğənnilər... Bəli, bəli! Var belələri...  
 
... Dünən Zəngilanın işğalı günü Nadir Qafarzadə ilə Ayan Babakişiyeva İnstaqram səhifələrində birgə duetlərini təqdim ediblər. Bu da sosial şəbəkələrdəki izləyicilər tərəfindən qınanılıb. Haqlı olaraq... 26 ildir ki, Azərbaycanın göz yaşı içində andığı tarixdə çalıb-oynamaq, oxuyub-şənlənmək zəngilanlılar üçün deyil, bütün Azərbaycan üçün bir maskaraddır!  Və bu müğənnilərimiz tərəfindən atılan birinci səhv addım deyil! Millətin tanınmış siması tərəfindən Azərbaycanın ən yaralı yerinə ayaq basmaq qəbuledilməzdir. Hər kəs keçmişini unutmadığı kimi dövlətinin tarixini də unutmamalıdır. Əsasən də faciəvi tarix...
 
... Məlum hadisə ilə bağlı N.Qafarzadənin köməkçisi onun Bakıda olmadığını bildirib, mətbuat katibi Yalçın Uğurla əlaqə saxlamağımızı məsləhət gördü. Həmkarımız Yalçın isə (Lent.az-ın əməkdaşıdır – K.A.) məsələdən hali olduqdan sonra, “bir şey öyrənib sizə deyərəm”, - deyə növbəti sualımızı yarımçıq qoyub xətti kəsdi. 
Və Nadir Qafarzadənin ətrafında belə şəxslərin işlədiyini görüb, artıq özünü qınamaqdan vaz keçməli olduq.
Eyni vəziyyətlə bağlı Ayan Babakişiyevanın menecerinə də müraciət etdik. Özünü Fərid kimi təqdim edən şəxs yarıyuxulu halda, “bir saata əlaqə saxlayıb deyərəm sizə”, - deyə cavab verdi. 
 
P.S. Bax belə... Çox acınacaqlı bir vəziyyətdir... Müğənnilərimiz torpaqlarımızın nə zaman işğal olunduğunu və həmin günlərdə çalıb-oynamağı bir kənara qoymağı 26 ildir ki, öyrənə bilməyiblər...
Halbuki, insan ömrü boyu öyrənməyə, dərs almağa borcludur. Bu yalnız onun özü üçün yox, cəmiyyət, xalq və gələcək üçün vacibdir. Peyğəmbərlərin, dahilərin "insan gor evinə kimi öyrənməlidir", heç vaxt öyrənməkdən, dərs almaqdan utanma", qocalana kimi öyrənmə, ölənə kimi öyrən" kəlamları əsrlərin sınağından çıxmış və insanların səadəti, bəşəriyyətin inkişafı üçün dərk edilməsi lazım olan nümunələrdir. Çünki bu kəlamlar həyat dərsliyidir.
 
Nadir üçün də, Ayan üçün da, elə köməkçiləri üçün də hələ gec deyil.
 
Könül Aypara