\
28 Mart 2024 - Cümə axşamı

Yayda çəkilən “Qış nağılı”nın Qala gecəsi keçirildi - Heydər Əliyev Sarayına izdihamın səbəbi - VİDEO - FOTOLAR

Yayda çəkilən “Qış nağılı”nın Qala gecəsi keçirildi - Heydər Əliyev Sarayına izdihamın səbəbi - VİDEO - FOTOLAR
1654baxış

Dünən - qışın ilk günü Heydər Əliyev Sarayında ən təzə Yeni il filmi - “Qış nağılı”nın Qala gecəsi keçirildi.

Qeyd edək ki, “Cinemazadeh” şirkətinin ən böyük layihəsi olan “Qış Nağılı” filmi iki seriyadan ibarətdir. Ən əsası, qış mövsümünü əks etdirən səhnələr sən demə, yay aylarında çəkilibmiş...

Rejissor Cəfər Axundzadə həm də filmin baş prodüseri və ideya müəllifidir. Komik notlar üzərində lentə alınan filmin çəkilişləri Qəbələdə yerləşən “Qafqaz Riverside Hotel”də aparılıb. Vüqar Hüseynov, Talıb Əhmədov və Cəfər Axundzadənin ssenariləşdirdikləri “Qış nağılı”na Azərbaycan və Türkiyədən məşhur aktyor və müğənnilər rol alıblar. 

Filmin ssenarisi Yeni il gecəsi bir hoteldə baş verən bir neçə hekayədən ibarətdir. Qəhrəmanlar həmin hekayələr üzrə qruplaşıblar.  Belə ki, hotelin heyətini Əbdül Mahmudov, Elməddin Cəfərov, Aqil M. Quliyev, Samir Ələsgərov, Zülfiyyə Qurbanova, Erkin Ergin, Elvin İbra, Vüsal Hacıqədir canlandırıb. 

Neçə ildir nişanlana bilməyən, nəhayət, Yeni il günü nişan etmək istəyən cütlüyün hekayəsinin qəhrəmanlarına Elcan Rəsulov, Oksana Rəsulova, Səidə Quliyeva, Sənubər İsgəndərli, Oqtay Əliyev həyat verib.

Nişanda iştirak etmək üçün hotelə gələn dostlar hekayəsinin baş qəhrəmanları vaynerlər Əlixan Rəcəbov, Taleh Yüzbəyov, Rövşən Məmmədli, Samirə Əfəndiyeva, Dilarə Kazımovadır. 

Ailəsinə öz hesabına böyük hotel otağı tutan imkanlı şəxslə, radioda bilet udaraq Yeni ili qeyd etməyə gələn cütlüklərin hekayəsində baş qəhrəmanları xalq artisti Murad Dadaşov, Günel Məmmədova, Məcid Hüseynov və Şəlalə Şahvələdqızı oynayıb.

Sevgilisinə özünü sübut etmək istəyən gəncin hekayəsində qəhrəmanları İslam Mehrəliyev, Kəmalə Piriyeva və reper Ceyhun Zeynalov canlandırıb.

Yeni il şousu üçün hotelə Türkiyədən Halil Sezai və Müge Boz dəvət olunub. 

Rejissor film haqda qısa olaraq bunları deyib: 

“Yeni il gecəsi arzular çin olur, xüsusilə həmrəy olanda. Bir neçə müxtəlif, bir-birindən maraqlı və olduqca gülməli hadisə təsadüfən bir hoteldə cərəyan etmiş olur. Həyatda isə təsadüflər olmur”.

Əlavə edək ki, bu ilin dekabr ayında kinoteatrlarda yayımlanacaq “Qış Nağılı” filminin quruluşçu rejissoru və baş prodüseri Cəfər Axundzadə, ssenari müəllifləri Vüqar Hüseynov, Talıb Əhmədov və Cəfər Axundzadə, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Zaur Abdullayev, geyim üzrə rəssamı Mehriban Əfəndi, qrim üzrə rəssamı Aytən Hüseynzadə, ikinci rejissoru Kamran Ağabalayev və Vüsal Hacıqədir, musiqi direktoru Aynur Axundzadə, icraçı prodüseri Emil Davudzadə, kreativ prodüseri Xətai Əli, marketinq direktoru isə Zaur Darabzadədir.

Heydər Əliyev Sarayında “Qış nağılı”nın möhtəşəm təşkili üçün isə Nara Həsənovaya da minnətdarlıq düşür.

Fotolar: Vüqar İmanov

Hazırladı: Könül Aypara