\
29 Mart 2024 - Cümə

Azərbaycanlı paralimpiya çempionu: "Tokioda partlayış etdik"

Azərbaycanlı paralimpiya çempionu: "Tokioda partlayış etdik"
1558baxış

"Bizi bu cür qarşıladığınıza görə təşəkkür edirəm. Biz öz borcumuzu yerinə yetirdik. Bayrağımızı ən yüksəkdə dalğalandırmalıydıq. Bunun üçün də çalışdıq, vuruşduq və Allaha şükürlər olsun ki, buna nail olduq".

Bu fikirləri "Report"a açıqlamasında Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanmış Azərbaycan para-atleti Elvin Astanov Bakıdakı qarşılanma zamanı deyib.

Nüvə itələmə növündə çıxış fəxri kürsünün ən yüksək pilləsinə qalxan 42 yaşlı idmançı Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Milli Paralimpiya Komitəsinin rəhbəri İlqar Rəhimova təşəkkür edib: "44 günə əsgərlərimiz Qarabağı necə azad etdilərsə, biz də cənab Prezidentin tapşırığı ilə Tokioda partlayış etdik. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Bizim qəhrəman qızlarımıza da halal olsun. Öz medallarımızı qazandıq. Onlarla da fəxr edirik. Ən xoş arzularla Tokioya getdik və elə də qayıtdıq".

Nizə atma yarışında dünya rekordu müəyyənləşdirərək çempion olan para-atlet Həmid Heydəri qarşılama mərasimində iştirak edənlərə təşəkkürünü bildirib: "Dünya rekordu ilə bütün rəqiblərimə qalib gəldim. Azərbaycan Prezidentinə, Milli Paralimpiya Komitəsinin rəhbərinə təşəkkürlərimi çatdırıram. Ümid edirəm ki, Paris paralimpiadasında öz rekordumu yeniləyəcəyəm".

Uzunluğa tullanma növündə bürünc medala sahib çıxan Səid Nəcəfzadə ilk dəfə paralimpiadada çıxış etdiyini xatırladıb: "Medalsız qayıtmadığım üçün sevinirəm. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. İlk olaraq, idmançıların yanında olan Prezident İlham Əliyevə minnətdaram. Milli Paralimpiya Komitəsinin rəhbəri İlqar Rəhimova, şəxsi məşqçimə və ailəmə həmişə mənə inandıqları və dəstək verdikləri üçün təşəkkürümü bildirirəm. Hər kəs medalları şəhidlərimizə həsr edib. Onların qanı bahasına dalğalanan bayrağımız həmişə zirvələrdə olsun".