\
14 Dekabr 2019 - Şənbə

Cəmaləddin Məhəmmədovun gürcü idmançıya qapaz vurmasının SƏBƏBİ

Cəmaləddin Məhəmmədovun gürcü idmançıya qapaz vurmasının SƏBƏBİ
1130baxış
"Hamı Avropa Oyunlarına qızıl medal üçün gəlir. Amma bu, mənim üçün çox çətin idi. Əməliyyatdan sonra bir ilədək məşq etməmişdim. Xalça üzərində cəmi iki həftəlik təlim-məşq toplanışında olmuşdum". 
 
Bunu Minsk-2019-un II Avropa Oyunlarında bürünc medal qazanmış Azərbaycan sərbəst güləşçisi Cəmaləddin Məhəmmədov APA-nın Belarus paytaxtına ezam olunmuş əməkdaşına açıqlamasında deyib. 
 
125 kq çəki dərəcəsində çıxış edən pəhləvan göstərdiyi nəticədən razı qaldığını deyib: "Belə yarışları buraxmaq istəmirdim. Hərçənd, Avropa Oyunlarınadək hansısa turnirdə iştirak etməyim lazım idi. Amma qazandığım bürünc medaldan razıyam. Güləşçilər var ki, mükafatsız qalırlar". 
 
Məhəmmədov bürünc medal görüşündəki rumıniyalı rəqibi Rares Kintoanla çoxdan tanış olduğunu qeyd edib. O bildirib ki, qarşılaşma zamanı hiss edib ki, hücum edib xal ala bilər. 
 
Bakı-2015 I Avropa Oyunlarında da bürünc medal qazanan güləşçi gözünün altındakı qaraltıya görə yarımfinalda uduzduğu gürcüstanlı Givi Matçaraşvilini günahlandırıb: "Bu, gürcü güləşçinin çirkin mübarizəsindən qalan izdir. O, bütün əhvalımı pozdu və məni özümdən çıxardı. Nəticədə onunla döyüşə istədiyim kimi köklənə bilmədim. Görünür, məqsədi bundan ibarət idi ki, məni özümdən çıxarsın. Buna görə idmançıya yaraşmayan hərəkəti - barmağı ilə gözümün altını qaraltdı. Məhz bu məqam da onunla görüşümün alınmamasına səbəb oldu".
 
Qeyd edək ki, C. Məhəmmədovun qazandığı bürünc medal Azərbaycan millisinin 14-cü mükafatı olub.