\
18 Aprel 2024 - Cümə axşamı

Erməni təxribatına rəğmən "Qarabağ" Avropada rəqibini darmadağın etdi...

Erməni təxribatına rəğmən "Qarabağ" Avropada rəqibini darmadağın etdi...
1683baxış
Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.
 
Moderator.az xəbər verir ki, APA-nın məlumatına görə, Ağdam klubu Avropa Liqasının qrup mərhələsinin II turunda meydana çıxıb.
 
Qurban Qurbanovun yetirmələri Lüksemburqda “Düdelanj”la qarşılayıb. Matçın favoriti olan Azərbaycan klubu görüşün taleyini ilk yarıda həll edərək sonda 4:1 hesabı ilə qalib gəlib.
Oyun zamanı erməni fanatlar təxribata əl atıblar. Belə ki, 30-cu dəqiqədə stadiona dronla separatçı rejimin bayrağı endirilib. "Qarabağ" oyunçuları buna etiraz edərək oyunu dayandırıblar.
 
"İkinci qoldan sonra qapı arxasından dron uçduğunu gördük. Buna bayraq da deməzdim, əski adlandırardım".
 
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Lüksemburqda "Düdelanj"la oyun zamanı baş vermiş erməni təxribatı barədə danışarkən deyib.
 
Otuz yeddi yaşlı müdafiəçi bildirib ki, qondarma "Dağlıq Qarabağ Respublikası"nın "bayrağ"ının yerə enməməsinə çalışıblar: "Bu barədə hakimlə danışdıq. O da bizə qarşı tədbir görmədi, bunu anlayışla qarşıladı. Əski də yerə enmədi. Fasilə zamanı Lüksemburqun idman naziri bizdən üzr istədi. O əski yenə qalxsaydı, oynamayacaqdıq. Hakim də dedi ki, yenə belə şey görünsə, oyunu dayandıracaq. Futbolçular da var gücləri ilə oyunlarını davam etdirdilər".
 
Sadıqov bildirib ki, yaranmış fasilə zamanı diqqətli olmağa çalışıblar: "Həmin anda qarışıqlıq idi. Atacağımız hər hansı sərt addım bizə sarı vərəqə bahasına başa gələ bilərdi".
 
Kapitan "Qarabağ"ın qrupdan çıxma şansları barədə fikirlərə isə belə reaksiya verib: "Kim "Qarabağ"ı istəyirsə, qrupdan çıxmaq barədə danışmasın. İndi sadəcə, APOEL-lə matçları düşünməliyik. Hər bir matça final kimi yanaşaraq, hazırlaşmalıyıq".
 
Təxribat üzündən 20-25 dəqiqəlik dayandırılan ilk 45 dəqiqədə “Qarabağ” üç cavabsız qol vurub. Abdullah Zubirin erkən qolundan sonra Miçel fərqi artırıb. Məcburi fasilədən sonra isə Riçard Almeyda penaltidən fərqi üç topa çatdırıb.
 
İkinci hissə də ağdamlıların üstünlüyü ilə keçib. Dəfələrlə real qol vəziyyəti yaradan “Qarabağ” 4-cü topu vurmaq şansını əldən verib. Yalnız hissənin ortalarında Dani Kintana fərqi 4-ə çatdırıb.
 
Lakin meydan sahibləri təsəlli qolunu vura biliblər. Beləliklə, ilk turda “Sevilya”ya 0:3 hesabı ilə uduzan çempionumuz bu məğlubiyyətin əvəzini lüksemburqlulardan çıxıb.
 
Qeyd edək ki, qrupun digər matçında “Sevilya” APOEL-ə 1:0 hesabı ilə qalib gəlib.