\
29 Mart 2024 - Cümə

"Fənərbağça"nın futbolçusu "Qarabağ"la anlaşıb

"Fənərbağça"nın futbolçusu "Qarabağ"la anlaşıb
1027baxış

Türkiyənin "Fənərbaxça" klubunun futbolçusu Alper Potukun karyerasını "Qarabağ"da davam etdirəcəyi ilə bağlı iddialar gerçəkləşmək üzrədir.

"Report"un "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, Azərbaycan təmsilçisi 28 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa çox yaxındır.

Artıq tərəflər arasında danışıqların baş tutduğu və bəzi məsələlərdə razılıq əldə olunduğu bildirilib. Xəbərdə Ağdam təmsilçisinin bu transferi gerçəkləşdirməsi üçün təzminat haqqını ödəyə bilməyəcəyi və bu səbəbdən türkiyəli futbolçunu icarəyə götürmək istədiyi yazılıb. Bildirilir ki, "Fənərbağça" Alperi "Rizəspor"a icarəyə vermək istəsə də, futbolçunun özü "Qarabağ"da oynamaq niyyətindədir.

Azərbaycan təmsilçisinin Potukun maaşının bir hissəsinin "Fənərbağça" tərəfindən ödənilməsini istədiyi vurğulanıb. İllik 1.2 milyon avro qazanan və mövsümün ortası olduğu üçün artıq 600 min avroluq maaşı qalan təcrübəli futbolçuya həmin məbləğin yarıdan çoxunu "Qarabağ"ın ödəyəcəyi, bəlli bir miqdarın da "sarı-lacivərdli" klub tərəfindən ödənilməsinin istənildiyi qeyd olunub. Sözləşmədə mövsümün sonunda "Qarabağ"la razılıq əldə olunacağı təqdirdə Azərbaycan klubunun futbolçunu birdəfəlik transfer etmək hüququna da yiyələnəcəyi bildirilib. 

Qeyd edək ki, 2013-cü ildən "sarı-lacivərdli" formada çıxış edən Alper Potuk keçirdiyi 152 oyunda 12 qol vurub.