\
24 Noyabr 2024 - Bazar günü

Karantini pozan ictimai iaşə müəssisələrinin sahibləri cərimələndi

Karantini pozan ictimai iaşə müəssisələrinin sahibləri cərimələndi
1744baxış

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə obyektlərində reydlər davam etdirilir.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Qeyd olunub ki, AQTA əməkdaşları tərəfindən Nərimanov rayonu, Y. Vəzirov küçəsi ev 100 ünvanında yerləşən, fiziki şəxs Qubadov Elxan İlham oğluna məxsus "Okean" pub, Səbayıl rayonu, T. Əliyarbəyov 4A ünvanında yerləşən, fiziki şəxs Şirinov Rüfət Ramizoviçə məxsus "Kefli" bar və Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q massivində yerləşən, fiziki şəxs Əkbərova Gülmirə Əfsər qızına məxsus "Çayka" kafesində reyd keçirilib.

Reyd zamanı Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn qaydalara əməl olunmaması və tələblərin kobud şəkildə pozulması faktları, məsul şəxslərin təyin olunmadığı aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı sahibkarlıq subyektləri barədə qanunvericiliyin tələbləri çərçivəsində İnzibati Xətalar Məcəlləsinin 211.1 maddəsinə uyğun olaraq 4 000 AZN cərimə tətbiq olunub.

Qeyd edək ki, AQTA tərəfindən ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə obyektlərində yoxlama-nəzarət tədbirləri davam etdirilir və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə tədbirlər görüləcək.