Birləşmiş Şəhər Xəstəxanasında növbəti maxinasiya - 330 min mənimsəndi
23 saylı Birləşmiş Şəhər Xəstəxanasında əmək haqqı kartları ilə bağlı növbəti maxinasiya ifşa edilib.
Baş Prokurorluqdan verilən məlumata görə, xəstəxananın baş həkiminin iqtisadi məsələlər üzrə müavini Zinyət İsmayılova 13 aprel 2021-ci il tarixədək xəstəxananın baş həkimi vəzifəsində işləmiş Rəsul Baxşəliyevlə cinayətkar əlaqəyə girib.
Belə ki, adıçəkilən şəxslərin 2015-ci ildən etibarən xəstəxanada ayrı-ayrı vəzifələrdə işləmiş tibb işçilərinin əmək stajının hesablanması yolu ilə işə gəlməmələrinə şərait yaradılması müqabilində onların əmək haqqı kartlarını özündə saxlamaqla, kart hesablarına mədaxil olunan ümumilikdə 314 min 400 manat məbləğində pul vəsaitini hər ay nağdlaşdıraraq öz aralarında bölmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Zinyət İsmayılovanın 13.04.2021-ci il tarixdən hazırki dövrədək həmin müəssisənin baş həkimi vəzifəsində işləyən Ceyhun Yusifovla birlikdə eyni cinayətkar üsul ilə həmin işçilərə məxsus cəmi 13 min 800 manat məbləğində pul vəsaitini hər ay nağdlaşdırararaq öz aralarında bölmələrinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq zamanı vurulmuş maddi ziyanın 112 min manat hissəsinin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Hazırda cinayətlərin törədilməsində hər-hansı formada iştirak etmiş digər şəxslərin dairəsinin müəyyənləşdirilməsi və vurulmuş maddi ziyanın qalan hissəsinin ödətdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.