\
28 Sentyabr 2021 - Çərşənbə axşamı

Balakəndə koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb

Balakəndə koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb
1130baxış

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Mediapress.az-a verilən məlumata görə, şəhər sakini Elməddin Abdullayevin COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün o, ev şəraitində müalicəyə cəlb edilib.

Lakin həmin şəxs karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib və şəhər ərazisində insanların sıx hərəkətdə olduğu yerdə polis əməkdaşları tərəfindən saxlanılıb.

İnfeksiya daşıyıcısı olduğunu bilə-bilə yaşadığı ünvanı tərk edərək digərlərinin də sağlamlığı üçün real təhlükə yaradan E.Abdullayev barəsində Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb.