\
23 Oktyabr 2021 - Şənbə

Bakıda arvadını qısqanclıq zəmnində öldürən şəxsə hökm oxunub

Bakıda arvadını qısqanclıq zəmnində öldürən şəxsə hökm oxunub
1160baxış

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını qətlə yetirməkdə təqsirləndirilən Ehtibar Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, E.Qasımov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il fevral ayının 1-i saat 18:00 radələrində Suraxanı rayonunda baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Qasımova Fəridə Şükür qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1988-ci il təvəllüdlü E.Qasımovun qısqanclıq zəmnində aralarında yaranmış mübahisə zamanı Fəridə Qasımovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Cütlüyün iki azyaşlı övladı var.