Telefon və velosiped oğurluqları edən şəxslər saxlanılıblar - VİDEO - FOTOLAR
Paytaxt ərazisində yerləşən mağazalardan birində işləyən şəxs Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə şikayət edərək obyektə müştəri kimi gələn bir nəfərin kassanın yanında ona məxsus 2 ədəd mobil telefonu oğurladığını bildirib. Hadisə ilə bağlı dərhal araşdırmalara başlanılıb. Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ümüdbəy Babayev qısa zamanda saxlanılıb. Araşdırma zamanı onun paytaxtın Yasamal, Nərimanov və digər rayonlarında da eyni üsulla, yəni mağazalara müştəri kimi daxil olub satıcının başının qarışmasından istifadə edərək kassadan pul və mobil telefonlar oğurladığı müəyyən edilib. Ümüdbəy Babayevin bu üsulla paytaxt ərazisində 10-dan mağazadan oğurluq etdiyi məlum olub. Onun bəzi mağazalardan oğurluq etməsi müşahidə kameraları vasitəsi ilə də görüntülənib.