\
23 Noyabr 2024 - Şənbə

Diqqət! Obyektində siqaret çəkilən sahibkar cərimələnməyə bilər - Mütəxəssis rəyi - EKSKLÜZİV

Diqqət! Obyektində siqaret çəkilən sahibkar cərimələnməyə bilər - Mütəxəssis rəyi - EKSKLÜZİV
1954baxış

Tanınmış ekspert sahibkarları narahat edən 3 aktual suala cavab verdi

Qanunvericilikdə tütün məmulatları və spirtli içkilərin satışı və istehlakı ilə bağlı edilmiş son əlavə və düzəlişər cəmiyyətdə birmənalı qarşılanmır. Bu məsələdə əsasən iş adamları, ictimai iaşə obyektlərinin rəhbərlikləri narahatlıq keçirirlər. Cərimələrin miqdarından və təsir dairəsindən, həmçinin işləmə mexanizmindən o qədər də xəbəri olmayan sahibkarlar satış dövriyyələrinin kəskin şəkildə aşağı düşəcəyindən ehtiyat edirlər. Lakin mütəxəssislər bu yanaşmanın kökündən yanlış olduğunu bildirilər. Mediapress.az xəbər verir ki, hüquqi məsələlər üzrə tanınmış ekspert Ərşad Hüseynov mövzuya qanun çərçivəsində aydınıq gətirib və problemin düşünüldüyü qədər çətin olmadığını açıqlayıb. “Siqaretdən istifadənin məhdudlaşdırılması ilə bağlı, deyəsən, sahibkarları qorxudublar. Amma qorxmalı heç nə yoxdur” – deyə mövzuya giriş verən ekspert fikirlərinə aydınlıq gətirib: “Yeni qanun obyekt (kafe, restoran, çayxana, müxtəlif iş yerləri, mağaza, istehsal sahəsi və s.) sahibləri üzərinə bircə vəzifə qoyub: hər kəsin yaxşı görə biləcəyi lövhələrdə “tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olmasını təmin etmək. Belə yazı və işarədən sonra kimsə sizin obyektinizdə siqaret çəksə, məsuliyyəti yalnız o özü daşıyacaq, sizlik bir şey yoxdur. Siz yalnız həmin elanı və ya işarəni vurmamağa görə məsuliyyət daşıyırsınız (buna görə fərdi sahibkar 400 manat, hüquqi şəxs 1000 manat cərimə oluna bilər)”. Daha sonra Ə.Hüseynov mövzu ilə bağlı daha bir aktual məsələyə toxunaraq deyib: “Bir də 18 yaşı çatmayanlara siqaret satmayın, siqareti reklam etməyin, heç kəsə sulu qəlyan təklif etməyin. Yeni qanun belə obyektlərdə xüsusi havalandırma sistemi ilə təmin olunan və ya açıq havada siqaret çəkilən yer yaradıla bilməsinə imkan verir. “Bu necə yer olmalıdır” məsələsinə isə Nazirlər Kabineti aydınlıq gətirəcək”. Sonda ekspert sahibkarların yersiz yoxlamalarla bağlı narahatlığına da son qoyub: “Həm də nəzərə alın ki, kimsə sizin obyektinizi qapalı məkanda tütün məhsullarının istehlakı bəhanəsi ilə yoxlaya bilməz. Buna yoxlamaların dayandırılması barədə qanun icazə vermir”.

P.S. “Siqareti qadağan olunan yerdə çəkmək və ya çəkməmək, azyaşlılara satmaq və ya satmamaq”, bu haqda düşünməkdənsə siqareti birdəfəlik tərgitin. Necə ki, biz çəkmirik və sizə də məsləhət görmürük”.

Mediapress.az