Pirşağıda dəniz sahilində 10-a yaxın suiti cəsədi aşkarlanıb
“Pirşağıda dəniz sahilində 10-a yaxın suiti cəsədi aşkarlanıb. Onlardan 7-si tamamilə çürüyüb”.
Bunu Mediapress.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova deyib.
O bildirib ki, hazırda AMEA-nın Zoologiya İnstitutunun əməkdaşları ilə birlikdə hadisə yerindədirlər: “Cəsədlərin əksəriyyəti tamamilə çürüyüb. Nisbətən bütöv qalan cəsədlərin müşahidəsi zamanı üzərlərində kəsici alət izləri göründü. Belə qənaətə gəlmək olur ki, böyük ehtimalla yem axtaran zaman balıqçı torlarına düşən suitilər elə balıqçılar tərəfindən də qətlə yetirilib. Çürüyüb tanınmaz hala düşən suitilərin yaşlı olduğunu güman edirik. Çünki qida axtarışı zamanı suitilər özlərini dənizdə olan iri daşlara çırpırlar. Yaşlı suitilər də məhz bu zaman zədə alaraq tələf olub dalğa vuraraq sahilə çıxma ehtimalı var”.
A.Səmədova vurğulayıb ki, suitilərin Xəzər dənizinin Azərbaycana aid akvatoriyasında olma müddətləri mart-aprel aylarıdır: “Digər aylarda şimal sahillərinə miqrasiya edirlər”.