Moldovanın eks-prezidenti prokurorluğa çağırılıb
Moldovanın keçmiş prezidenti İqor Dodon dekabrın 27-də ifadə vermək üçün ölkənin Baş Prokurorluğa çağırılıb. O, dövlət vəsaitlərinin mənimsənilməsi sxemində iştirak etməkdə şübhəli bilinir. Bu barədə prokurorluğun mətbuat katibi Marianna Kerpek bildirib.
"Moldova Sosialistlər Partiyasının fəxri sədri İqor Dodon dindirilmək üçün Baş Prokurorluğa çağırılıb. O, Baş Prokurorluqda dekabrın 27-də gözlənilir", - Kerpek jurnalistlərə deyib.
İstintaqın məlumatına görə, 2008-ci ilin əvvəlində Moldovanı elektrik enerjisi ilə təmin edən “Enerqokom”un rəhbərliyi İqtisadiyyat Nazirliyinin, Milli Enerji Tənzimləmə Agentliyinin əməkdaşları və xaricdən gələn bir sıra şəxslərlə müqavilə bağlayıb. Prokurorluq hesab edir ki, onlar birlikdə işin iştirakçılarına elektrik enerjisinin alış qiymətini əsassız olaraq artırmağa və fərqi mənimsəməyə imkan verən sxem həyata keçiriblər. Agentlik bu sxemdən dövlətə dəyən ilkin ziyanı təxminən 12 milyon dollar qiymətləndirir.