Vətən müharibəsinə aid “medal”ları satan şəxs həbs edildi
1655
Bakı şəhəri Yasamal rayon məhkəməsində “Azərsuvenir” MMC-nin keçmiş məsul əməkdaşı Bağırov Aydın Kamil oğlu barəsində cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.
Mediapress.az Musavat.com-a istinadən xəbər verir ki, Aydın Bağırov 44 günlük Vətən müharibəsindəki tarixi qələbə münasibətil iə təsis edilmiş müxtəlif orden və medalların, həmçinin digər dövlət təltiflərinin aidiyyəti olmayan şəxslərə satışını təşkil etdiyinə görə DTX tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.
Belə ki, Aydın Bağırov qeyd olunan MMC-də orden və medalların hazırlanmasında texnoloji və keyfiyyət üzrə nəzarətə cavabdeh şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Şuşanın, Suqovuşanın, Kəlbəcərin, Qubadlının, Zəngilanın, Füzulinin, Laçının, Ağdamın, Xocavəndin, Cəbrayılın azad olunmasına görə, “İgidliyə görə” medalları, “İstiqlal” ordeni, “Azərbaycan Bayrağı” ordeni, “Rəşadət” ordeni, digər orden və medalların saxta nümunələrini hazırlayaraq müəssisə ərazisindən kənara çıxarıb pul müqabilində satılmasını həyata keçirib.
Bakı şəhəri Yasamal rayon məhkəməsinin hökmü ilə Aydın Bağırov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.