\
29 Noyabr 2024 - Cümə

Əli Əsədov Qazaxıstanın Baş nazirinə başsağlığı verib

Əli Əsədov Qazaxıstanın Baş nazirinə başsağlığı verib
1435baxış

Yanvarın 13-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Qazaxıstan Respublikasının yeni təyin olunmuş Baş naziri Alixan Smailov arasında telefon danışığı olub.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Azərbaycanın Baş naziri Alixan Smailovu Qazaxıstan Respublikasının Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, qarşıdakı fəaliyyətində ona uğurlar arzulayıb.

Danışıq zamanı Azərbaycan-Qazaxıstan dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilərək, əlaqələrin birgə səylərlə bundan sonra daha da möhkəmlənəcəyinə və genişlənəcəyinə ümidvarlıq ifadə olunub.

Azərbaycanın son günlər qardaş Qazaxıstanda baş verən hadisələri narahatlıqla izlədiyi bildirilib, vəziyyətin tezliklə normallaşacağına əminlik ifadə olunub.

Baş nazir Ə. Əsədov Qazaxıstandakı hadisələr nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı A. Smailova başsağlığı verib.