\
23 Noyabr 2024 - Şənbə

Azərbaycan zabiti Ağdamın Gülablı kəndindən köçən ermənilərə yardım edir

Azərbaycan zabiti Ağdamın Gülablı kəndindən köçən ermənilərə yardım edir
1727baxış

Sosial şəbəkələrdə Azərbaycan zabitinin işğaldan azad edilən Ağdamın Gülablı kəndində vaxtilə qanunsuz olaraq məskunlaşmış və indi köçüb gedən ermənilərlə necə davrandığını əks etdirən kadrlar yayılıb. Virtualaz.org xəbər verir ki, kadrlara əsasən aralarında  yaşlısı olmaqla bir neçə erməni UAZ təcili yardım avtomobili ilə kəndə qayıdıblar və qalan əşyalarını daşıyıb aparmaq üçün icazə istəyirlər. Azərbaycan ordusunun zabiti isə həmin yaşlı erməniyə izah edir ki, daha əvvəl kənd Azərbaycanın nəzarətinə keçəndə orada yaşayan ermənilərə qalmaq təklif olunub. Və onlara Azərbaycan vətəndaşlığını qəbul edib yaşayacaqları halda bütün hüquqlarının təmin ediləcəyi izah edilib. Lakin Gülablıda qanunsuz yaşayan ermənilər köçməyə üstünlük veriblər.

Daha sonra zabit yaşlı erməninin yanında dayanmış və izahatı dinləyən digər erməniyə deyir: “İki gün əvvəl sizə şərait yaratdıq ki, bütün qoyunlarınızı, ev heyvanlarınızı aparasınız, düzdü? Hətta sizi müşaiyət də elədik, burada qadın da vardı, kişi də. Əşyalarını yığmaqda, daşımaqda kömək elədik...”

 

Həmin erməni deyilənləri təsdiqləyir və Azərbaycan zabitinə, əsgərlərinə bu humanist rəftara görə minnətdarlıq edir...

Hansı 28 il əvvəl, erməni işğalçıları Qarabağı, Ağdamı və onun kəndlərini, Xocalını işğal edəndə buna oxşar səhnələri təsəvvür etmək belə ağlasığmaz idi. Çünki işğalçılar girdikləri kəndlərdə azərbaycanlı sakinləri qoca, qadın, körpə demədən qətlə yetirir, ən yaxşı halda əsir götürürdü. Erməni canilərindən xilas olmaq üçün azərbaycanlılar bir çox hallarda evlərindən heç nə götürməyə imkan tapmadan kəndləri tərk edirdilər.

Amma indi nə baş verir? Gülablıda azərbaycanlıların evlərini zəbt edib on illərdir orada yaşayan, torpaqlarımızı əkib-becərən və orada mal-heyvan saxlayan ermənilər onlara təklif edilən variantla-Azərbaycan vətəndaşlığını qəbul edib yaşamaqla razı deyillər və könüllü şəkildə köçüb Əsgəranın kəndlərinə gedirlər. Və onlar çox rahatca ev əşyalarını daşıyıb aparıb, üstəlik iki sonra qalan əşyalarını da daşımaq üçün kəndə qayıdıb. Və Azərbaycan əsgəri onlara əşyalarını maşınlara yükləməkdə kömək edir, hörmətlə, insanlığa uyğun rəftar edir. Yəqin ki, Xocalıda dinc azərbaycanlılara qarşı insanlığa sığmayan erməni canilərindən sağ qalanları bu kadrlara baxacaqlar. Və əgər onlarda cüzi də olsa vicdan tapılsaydı yəqin ki, Azərbaycan əsgərinin, zabitinin dinc insanlarla necə davrandığını görəndə ölüb yerin dibinə girməli idilər...

F.Məmmədov