Cəlilabadda şəhidin doğum günündə adına bulaq istifadəyə verilib
Bu gün Cəlilabad rayonundan olan Şəhid tankçı Cavid Hüseynovun doğum günüdür.
"Report"un Muğan bürosunun məlumatına görə, Cavid Habil oğlu Hüseynov 1994-cü il aprelin 1-də Cəlilabad rayonunun Hamarqışlaq kəndində anadan olub.
27 yaşını qeyd etmək ona nəsib olmasa da, seçdiyi yol və ucaldığı məqam bir ömürə sıxmayacaq qədər şərəflidir. Göstərdiyi döyüş rəşadəti, yüksəldiyi uca zirvə ilə indi hər kəs onunla qürur duyur.
Hərbiyə olan sonsuz marağı onu 2016-ci ildən milli ordu sıralarına gətirib. Vətən müharibəsindən öncə qardaş Türkiyə ilə keçirilən birgə hərbi təlimlərdə tank hədəflərini dəqiq vurduğuna görə birinci yerə layiq görülüb. Cavidin döyüş yolu isə elə xidmət etdiyi Füzuli istiqamətindən başlanıb.
Füzuli istiqamətində əks-hücum əməliyyatı zamanı Cavidin tuşlayıcı olduğu tank minaya düşsə də, o və ekipaj üzvləri xilas ola bilib. Lakin bir neçə gün sonra növbəti hərbi tapşırığı yerinə yetirərkən qəhrəmancasına şəhid olub.