Türk Şurasının nümayəndə heyəti Ağdam Cümə məscidində və İmarət qəbiristanlığında olub
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin nümayəndə heyətinin Ağdama səfəri davam edir.
Mediapress.az bildirir ki, nümayəndə heyətinin üzvləri Ağdam şəhər Cümə məscidini də ziyarət ediblər.
Səfər iştirakçılarına məscidin tarixi və ermənilərin törətdiyi barbarlıq barədə məlumat verilib.
Bildirilib ki, Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib.
Bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir. Ermənilər tərəfindən dağıntılara məruz qalan Ağdam məscidinin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb.
Diqqətə çatdırılıb ki, Ağdamda törədilən dağıntılar erməni vandalizminin və barbarlığının bariz nümunələridir. Ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da ölkəmizin tarixi-mədəni irsinə qarşı misli görünməmiş vandalizm aktları həyata keçiriblər. Rayondakı bütün abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir olunub, bəziləri isə erməniləşdirilib.
Xatırladaq ki, nümayəndə heyətini Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
**12.18
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin nümayəndə heyəti Ağdamda Qarabağ xanlarının türbələrinin də yerləşdiyi İmarət qəbiristanlığını ziyarət ediblər.
Virtualaz.org bildirir ki, nümayəndə heyətinin üzvləri Xurşudbanu Nətavanın qəbrini ziyarət ediblər.
Nümayəndə heyətinin üzvləri ermənilərin qəbiristanlıqda tərətdiyi vandallığı öz gözləri ilə görüblər.
**11:36
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin nümayəndə heyətlərinin Ağdam şəhərinə səfəri başlayıb.
Virtualaz.org-un məlumatına görə, səfərdə Türk Şurasına üzv dövlətlərin informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmiləri iştirak edirlər.
Səfərdə məqsəd Ermənistan tərəfindən törədilən müharibə cinayətləri ilə tanış olmaqdır.
Xatırladaq ki, aprelin 10-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısı keçirilib.