Prezident: "Xalq Cəbhəsi-Müsavat hakimiyyəti Ermənistana benzin satırdı"
Müstəqillik əldə olunandan sonra nələr baş verdi? Müstəqillikdən dörd ay sonra Xocalı soyqırımı törədildi. Ermənistan və Sovet İttifaqının 366-cı alayı hərbi cinayət törətdi, vəhşilik törətdi. Dinc insanları qətlə yetirdi. Onların arasında uşaqlar, qocalar, qadınlar vardı. Xocalı soyqırımı bu gün dünya tərəfindən tanınır. Ondan çox ölkə bu soyqırımını rəsmən tanıyıbdır. Xocalı soyqırımından üç ay keçəndən sonra Şuşa və Laçın işğal altına düşdü”.
Bunu Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev təltif olunan hərbi qulluqçularla görüşündə deyib.
“Məhz o vaxt faktiki olaraq hakimiyyətə gəlmiş və bu gəlişini rəsmiləşdirmək istəyən AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa və Laçın işğal altına düşdü. Çünki onlar üçün hakimiyyətə gəlmək hər şeydən vacib idi. O vaxt müdafiə naziri onların adamı idi, hansı ki, söz vermişdi, əgər Şuşa əldən getsə, öz başına güllə çaxacaq. Bu günə qədər tula kimi orada-burada sülənir. Faktiki olaraq hakimiyyət Xalq Cəbhəsi-Müsavatın əlində idi. Onlar Şuşa və Laçını ermənilərə təhvil verərkən Bakıdakı hakimiyyəti yıxmaq istəmişdilər və buna nail oldular. Ondan bir ay keçəndən sonra hərbi çevriliş edərək, parlament binasını zəbt edərək hakimiyyəti devirdilər və qanunsuz olaraq hakimiyyətə gəldilər. Bu, onların böyük xəyanətidir. Ondan sonra nələr baş verdi? Ondan sonra ölkə faktiki olaraq idarəolunmaz vəziyyətə düşmüşdü. Xaos, anarxiya, özbaşınalıq, hərc-mərclik, talançılıq hökm sürürdü. Kəndlər işğal altına düşürdü, Xalq Cəbhəsi-Müsavat hakimiyyəti Ermənistana benzin satırdı. Özləri də bunu etiraf etmişdilər. Bu videomateriallar, kadrlar var. Özləri də etiraf etmişdilər ki, bu xəyanətin içindədirlər. Ordunu gücləndirmək, ordumuza dəstək vermək əvəzinə, ancaq öz hakimiyyətini möhkəmləndirirdilər. Heydər Əliyev imkan vermədi ki, ermənilər blokada şəraitində olan Naxçıvanı işğal altına salsınlar, halbuki dəfələrlə belə cəhdlər olub. Orada sərhəddə gedən şiddətli döyüşlərdə bizim hərbçilərimiz və mülki vətəndaşlar sinəsini qabağa verərək öz torpaqlarını müdafiə ediblər, məhz Heydər Əliyev amili hesabına. Onlar isə buradan Naxçıvana hərbi desant göndərirdilər ki, Heydər Əliyevi hakimiyyətdən devirsinlər. O vaxt Daxili Qoşunların komandanı, bu gün xaricdə gizlənən bir tula, oraya desant göndərirdi. Torpaqlar əldən gedir, ermənilər kəndlərimizi zəbt edir, onlar isə Naxçıvanda Heydər Əliyevə qarşı mübarizə aparırlar. Bunlar Xalq Cəbhəsi-Müsavat xəyanətkarlarının əməlləridir. Ancaq qorxdular, heç burunlarını soxa bilmədilər. Çünki xalq qalxdı, dedilər ki, gələn kimi sizi burada məhv edəcəyik. Vətəndaş müharibəsinə start verdilər, Gəncəni bombaladılar, Azərbaycan əsgərlərini əsir götürdülər, torpaqlar işğal altına düşə-düşə. Bu, xəyanət deyil, bəs nədir?! 1993-cü ilin aprelində Kəlbəcəri düşmənə verdilər. Ondan sonra təşvişə düşdülər, qorxuya düşdülər, depressiyaya düşdülər. Bu günə qədər də bu depressiyadan çıxa bilmirlər. Öz canlarını qurtarmaq üçün o vaxt məcbur olub Heydər Əliyevə müraciət etdilər ki, onları burada, Prezident Aparatının qarşısında asmasınlar. Onların dar ağacı hazır idi. Azərbaycan xalqı bunlara cəmi bir il dözdü. Amma görün, bir il ərzində nə qədər böyük ziyan vurdular – torpaqlarımız əldən getdi, ordunu məhv etdilər, vətəndaş müharibəsinə start verdilər, qardaş qanını tökdülər. Ona görə, mən deyəndə ki, bunlar xəyanətkardırlar, satqındırlar, düşməndirlər, bax, buna əsaslanaraq deyirəm. Tarixi faktlara əsaslanaraq deyirəm. Onların mənfur xisləti bu gün də özünü büruzə verir. İkinci Qarabağ müharibəsi zamanında da altdan-altdan bizim ordumuza şər ataraq, haqq işimizə şər ataraq düşmənin dəyirmanına su tökdülər. Ona görə bu tarixi bilmədən bugünkü reallığa düzgün qiymət vermək mümkün deyil”, - Prezident bildirib.