\
23 Noyabr 2024 - Şənbə

Türkmənbaşı Bakıya buna görə gəlib: Nəhəng layihə

Türkmənbaşı Bakıya buna görə gəlib: Nəhəng layihə
1491baxış

Azərbaycanın regionda gerçəkləşdirdiyi enerji və nəqliyyat layihələri Türkmənistanın da marağındadır. Rəsmi Aşqabad Azərbaycan üzərindən öz neftini Avropaya ixrac etmək istəyir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Zülfüqarov Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun martın 11-də Azərbaycana rəsmi səfərə gəlməsini şərh edərkən deyib.

Politoloq bildirib ki, bu səfər iki ölkənin əlaqələri baxımından çox vacibdir:

“Çünki iki ölkə arasında dərin tarixi, mədəni və dini bağlar var. Bundan əlavə Azərbaycan və Türkmənistan arasında iqtisadi, siyasi münasibətlərdə müsbət xəttlə inkişaf edir. Ortaq iqtisadi maraqlar Türkmənistanı Azərbaycan üçün partnyor ölkəyə çevirib.

Türkmənistan da Azərbaycan kimi neft və qaz ixrac edən ölkədir. Bu gün Türkmənistan öz qazını İran və Rusiya üzərindən ixrac edir. Hazırda koronavirus epidemiyasına görə İranla sərhədlərini bağlayıb. Bu, istər-istəməz Türkmənistan iqtisadiyyatına təsirini göstərib. Rusiya üzərindən neft və qaz ixracı isə nisbətən bahadır. Bu səbəbdən Türkmənistan öz qazını Azərbaycan üzərindən Avropaya ixrac etmək istəyir. Mövcud vəziyyətdə türkmən qazının Avropaya nəqlinin ən rahat və ən ucuz yolu Azərbaycan üzərindəndir. Bu baxımdan sözügedən səfər ilk növbədə iqtisadi əhəmiyyət daşıyır“.

Politoloq qeyd edib ki, səfər zamanı Xəzərin statusu məsələsi də müzakirə olunacaq:

“Bu gün Xəzərin hüquqi statusunun tam həll olunmamasında ən önəmli faktor İran və Türkmənistandır. Xəzərin statusu məsələsində Azərbaycan, Qazaxıstan və Rusiya təklif olunan həll yolu ilə razıdır. Türkmənistan isə məsələyə fərqli bir yanaşma sərgiləyir. Lakin Azərbaycan hər zaman Türkmənistanla münasibətlərin inkişafında maraqlıdır. Düşünürəm, mövcud siyasi vəziyyətdə Xəzərin statusu məsələsi də müzakirə olunacaq”.

Qeyd edək ki, hazırda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Bakıda səfərdədir.