ABŞ Dövlət Departamenti Rusiyanı dezinformasiya sahəsində özünün "baş düşməni" adlandırdı
ABŞ Dövlət departamenti nəznində fəaliyyət göstərən Qlobal qarşılıqlı təsir mərkəzi Rusiyanın dezinformasiya və qara təbliğat sistemi ilə bağlı yeni hesabatını yayımlayıb.
Qeyd olunur ki, bəhs olunan dövlət qurumu məhz xarici dövlət və şirkətlərin bu cür fəaliyyətlərinə qarşı mübarizə aparılmasına cavabdehlik daşıyır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, 76 səhifəlik sənəddə konkret nümunələr, qrafik təsvirlər və internetdə Rusiyanın ABŞ və Qərbə qarşı apardığı informasiya savaşının miqyasını göstərən internet məlumatlar əks olunub.
Hesabatda Rusiyanın bu sahədə ən böyük təhdid olduğu xüsusi vurğulanır. Mərkəzin bildirdiyinə əsasən, Kremlin dezinformasiya və qara təbliğat üzrə sistemi rəsmi və qeyri-rəsmi kanallar, platformalar və bağlantı şəbəkələri üzərindən həyata keçirilir.
Sənəddə bu anlamda həmin fəaliyyətlə bağlı yaradılan proksi-strukturlardan istifadə olunması üzrə taktikaya diqqət yetirilir. Burada Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin nəzarətində olan “Strateji mədəniyyət fondu”nun elektron jurnalı, guya Rusiya Elmlər Akademiyası Şərqşünaslıq institutunun nəşri sayılan "Yeni şərq icmalı” jurnalı, Kanadada fəaliyyət göstərən “Global Research” saytı, işğal olunmuş Krımda qurulan “Novostnoy front” ("NewsFront") informasiya agentliyi, özünü Qərb auditoriyası üçün alternatv informasiya verdyini göstərən “SouthFront” portalı, hərbi xarakterli məlumatlar yayan, ultramillətçi “Geopolitika.ru”, habelə 5 dildə Qərb əleyhinə gecə-gündüz təbliğat aparan “Katexon” mərkəzinin adları çəkilib.
Sənədlə bağlı danışan ABŞ dövlət katibi Maykl Pompeo Birləşmiş Ştatların daxili siyasətinə və seçkilərə müdaxilə edən adamlar haqqında informasiya verənə 10 milyon dollar pul vəd etdiklərini söyləyib.
Qarşılıqlı təsir mərkəzinin koordinatoru Lea Qabriel jurnalistlərlə söhbətində Rusiya və Çinin COVİD-19 pandemiyası ilə bağlı, habelə səhiyyə sistemi və elmi təcrübələrlə əlaqədar insanların ağlını qarışdıran dezinformasiya və yalan məlumatlar yaydığını bildirib.
“Rusiya “Ebola”, “Zika” virusları, 5G şəbəkə formatı haqqında yaydığı yalan infromasiyalarda olduğu kimi COVİD-19 barədə də insanlar arasında qorxu atmosferi yaradır. Dövlət Departamenti və bizim mərkəz həmin siyasətin bu ilin fevral ayından həyata keçirildiyini təsbit edib”,-deyə xanım Qabriel bildirib.