Sabirabadda balta ilə arvadını öldürən şəxsin məhkəməsi başlayır
Sabirabad rayonunda qətl törətməkdə təqsirləndirilən Eyvaz Məmmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Mediapress.az-ın xəbərinə görə, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmə iclasına hakim İlkin Abdullayev sədrlik edəcək.
Qeyd edək ki, 2020-ci il sentyabrın 2-i saat 08 radələrində Sabirabad rayonu, Qardaşkənd kənd sakini, 1979-cu il təvəllüdlü Təranə Məmmədovaya çoxsaylı balta zərbələri vurularaq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Aparılan istintaqla zərərçəkmişin əri Eyvaz Məmmədovun birlikdə yaşadıqları evin yaxınlığında qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirməklə Təranə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Eyvaz Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.