\
23 Noyabr 2024 - Şənbə

“Səlim Müslümovun pensiya ilə bağlı layihəsinin altından çıxa bilmirik” - Deputatlar etiraz etdi

“Səlim Müslümovun pensiya ilə bağlı layihəsinin altından çıxa bilmirik” - Deputatlar etiraz etdi
1617baxış

“Deputat həmkarlarımın çoxu əlilliklə bağlı layihəni tənqid edir, ancaq sonda da deyirlər ki, mütərəqqi layihədir. İndi bunun harası mütərəqqi oldu?!”

Mediapress.az xəbər verir ki, bunu deputat Aqil Abbas parlamentdə əlilliyin müəyyən edilməsi məsələsi ilə bağlı qanun layihəsinin müzakirəsində çıxış edərkən deyib. O qeyd edib ki, layihənin əleyhinə səs verəcək: “Biz deyirik ki, bu layihəni oturub yenidən işləsinlər. Burda nə qədər çıxış edirik. Deyirik ki, I Qarabağ müharibəsinin veteranları hələ də veteranlıq kağızını ala bilmirlər. Üstündən 28 il keçib. İndi də Vətən müharibəsindən 7 ay keçib. Əlillərlə bağlı məsələ ciddi məsələdir. Mütəxəssislər dəvət olunsun və bu layihəyə yenidən baxılsın”.

Deputat Vahid Əhmədov da sözügedən layihəyə etiraz edib. O qeyd edib ki, o da layihənin əleyhinə səs verəcək: “Keçmiş nazir Səlim Müslümov pensiya ilə bağlı elə bir layihə təqdim etdi ki, bu günə qədər onun altından çıxa bilmirik. Bu qanun layihəsi də paket şəklində verilməlidir. Təklif edirəm ki, bir komissiya yaradılsın. Əmək və əhalinin sosial müdafiəsi naziri özü gəlib bu məsələni məruzə etsin. Burada faizlər haqqında danışdılar. Baxaq görək ki, faizləri müəyyən etməklə nəyə nail olduq?! Bizi Avropa ilə müqayisə edirlər. Avropaya çatmağımıza hələ çox var. Bu qanun üzərində ciddi iş getməlidir".

 

Spiker Sahibə Qafarova qeyd edib ki, millət vəkillərinin çıxışında sual sualı doğurur: “Ona görə də bu məsələ üçüncü oxunuşda müzakirəsi olmalıdır”.

Komitə sədri Musa Quliyev bildirib ki, gələn həftə komitənin bu barədə geniş iclası olacaq: Nazirlər, hökumətin nümayəndələri gəlsin, onlar iclasda qaldırılan məsələlərə münasibət bildirsinlər”.

Qeyd edək ki, deputatlardan Sabir Rüstəmxanlı, Qüdrət Həsənquliyev də sözügedən layihənin əleyhinə səs verəcəklərini bildiriblər. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin ikinci oxunuşda 13 deputat əleyhinə səs verib.