\
24 Iyul 2021 - Şənbə

“Vaşinqton Post” Baydeni Putinə inanmamağa çağırır

“Vaşinqton Post” Baydeni Putinə inanmamağa çağırır
1187baxış

ABŞ-ın “Vaşinqton Post” qəzetində dərc olunmuş “Bayden Putinə inanmaq qərarına gəlib. Yaxşı fikirləşsin” başlıqlı redaksiya məqaləsini ingiliscədən çevirərək təqdim edir.

Mediapress.az bildirir ki, ABŞ prezidenti Cofez Baydenin Rusiya prezidenti Vladimir Putinlə ilk zirvə görüşü öncəsi bir sıra təxribatlar qeydə alınıb. Bunların arasında Rusiya dövlət orqanlarının və qeyri-dövlət subyektlərinin ABŞ-ın həssas hədəflərinə qarşı ardıcıl kiberhücumlar həyata keçirməsini, Rusiya hərbi qüvvələrinin Ukrayna ilə sərhəddə səfərbər olunmasını göstərmək mümkündür.

Ona görə də Bayden Putinlə “qırmızı xətlər”i bərpa edəcəyinə söz verdi. Kremlin rəhbəri də bir müsahibəsində münasibətlərin son illər ürəkaçan olmadığını etiraf etmişdi.

Bütün bunların fonunda iyunun 16-sı Cenevrədə keçirilən zirvə görüşündən sonra hər iki liderin müsbət fikir mübadiləsi aparıldığı, daha sabit əlaqələr və birgə əməkdaşlıq üçün potensialın olduğu barədə bəyanatlar səsləndirməsi bir qədər təəccüb doğurur.

Cozef Baydeni tərifləyərək onun “çox balanslı və çox təcrübəli” olduğunu söyləyən Vladimir Putin danışıqların kifayət qədər konstruktiv keçdiyini bildirdi.

“Görüşün ümumi gedişi çox yaxşı və müsbət idi” deməklə ABŞ prezidenti onu təsdiqlədi: “Düşünürəm ki, ölkələrimiz arasında münasibətləri əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq üçün real perspektivlərimiz var”.

Baydenin Putinlə apardığı müzakirələr və prezidentlərin planlaşdırdığı növbəti danışıqlar Rusiya tərəfinin kiberhücumlarına son qoyacaqsa, Kremlin ölkədə “Azadlıq” radiosuna təzyiqini dayandıracaqsa və Moskvada nahaqdan həbsdə saxlanan ABŞ vətəndaşlarının azadlığa buraxılmasına gətirəcəksə, onda görüşün nəticəsini doğrudan da ürəkaçan saymaq olar.

Putin bütün bu məsələlərdə “kompromis”in mümkünlüyünə eyham vurdu. Bayden Putinin İran və Əfqanıstanda vəziyyəti yaxşılaşdırmaq üçün “kömək” təklif etdiyini, Suriya ilə Liviyada müharibə ocaqlarını söndürmək məqsədilə bu ölkələrdə qarşı duran tərəfləri dəstəkləyən ABŞ-la Rusiyanın bir-birinə güzəştə gedə biləcəyini bildirdi.

Qısası, Putinin ritorikası onun ABŞ-ın son üç prezidenti ilə keçirdiyi ilk görüşlərdəki ritorikasına çox bənzəyir. Həmin görüşlərdə Putin vəd verib, sonra da hamısında vədinə xilaf çıxıb, Amerikanın siyasi sisteminə və Vaşinqtonun başçılıq etdiyi alyanslara hücumları durmadan artırmaqla məşğul olub.

Rusiya liderinin ABŞ-a qarşı amansız ədavəti onun zirvə görüşündən sonra keçirdiyi mətbuat konfransında da sezilirdi. Mətbuat konfransında Putin dönə-dönə öz xarici təcavüzkarlığını, insan haqlarını pozmasını ABŞ-ın davranışları ilə müqayisə edir, qurama paralellər aparırdı. Putinin fikrincə, Aleksey Navalnının rəhbərlik etdiyi dinc müxalif hərəkatın təqib olunmasını yanvarın 6-da Kapitoliyə – ABŞ Konqresinin binasına hücum edən kütlənin təqib olunması ilə bir tərəziyə qoymaq olar.

Bayden bir yandan bu müqayisəni “gülünc” adlandırsa da, deyəsən, o biri yandan Putinə inanmağa meyllənirdi. Əlbəttə, Putin başa düşür ki, Bayden Navalnının ölümünün Rusiya üçün dağıdıcı olacağını deyəndə nəyi nəzərdə tutur: söhbət belə bir ölümün rejimin dünyadakı nüfuzuna vuracağı ziyandan gedir. Kreml anlayır ki, ABŞ mühüm kiber imkanlara malikdir və Rusiyanın kiberhücumları davam etsə, o da öz imkanlarını səfərbər edəcək.

“Məncə, o, soyuq müharibəni hər şeydən az istəyir” – Bayden bunu Putin haqqında deyir. Bəlkə də düz deyir. Amma maraqlıdır: bəs onda niyə Putin rejimi ABŞ peyvəndlərini gözdən salmaq üçün intriqalara əl atır? ABŞ-ın Moskva, Havana, hətta Vaşinqtondakı diplomatlarının və xəfiyyə işçilərinin müəmmalı şəkildə xəsarət almalarına görə məsuliyyəti kim daşıyır?

Bayden Avropa turunun çox hissəsini prezident Donald Trampın dörd il soyuqluq göstərdiyi əsas demokratik müttəfiqlərlə əlaqələri bərpa etməyə yönəltdi. Bayden dirçələn avtokratiyalara (başda Çin və Rusiya olmaqla) qarşı qlobal mübarizədə onlara – ABŞ-ın əsas demokratik müttəfiqlərinə rəhbərlik etmək niyyətində olduğunu çatdırdı.

Baydenin Putinlə görüşmək və ABŞ-ın “qırmızı xətlər”ini yenidən bərpa etmək qərarı düzgün qərardır. “Əlaqələrin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması” perspektivinə gəlincə, Bayden deyir: “Biz bunun həll yolunu tapacağıq”.

Biz bunu doğrudan da edəcəyik. Amma nəticənin ABŞ-ın Putinlə əməkdaşlıq etmək üçün əvvəllər göstərdiyi cəhdlərin nəticəsindən fərqli olacağını düşünməyə heç bir əsas yoxdur. Novator.az