Bölgədə silah yarışının olması Ermənistanın işğalçı siyasətinin nəticəsidir - Azərbaycan XİN
"Bölgədə silah yarışından danışarkən ilk növbədə qeyd etmək lazımdır ki, bu, Azərbaycan ərazilərinin beşdə birini zəbt edən və hərbi işğal altında saxlayan Ermənistan Respublikasının işğalçı siyasətinin nəticəsidir".
Bunu "Report"a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.
Nazirlik rəsmisi "Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın İsrailin KAN NEWS dövlət televiziya kanalına müsahibəsində İsrailin silah ticarətinin erməni xalqının məhvinə gətirdiyini, habelə bölgədə silah yarışının sülh və təhlükəsizliyin qurulmasına xidmət etmədiyini söyləyib. Bu barədə şərhlərinizi öyrənə bilərikmi" sualına belə cavab verib: "Azərbaycanın işğal olunmuş ərazilərində tam etnik təmizləmənin həyata keçirilməsi vəziyyəti daha da ağırlaşdırır. Yəni burada söhbət bölgədə baş verən hadisələrin səbəb-nəticə əlaqələrindən gedir. Ərazi iddiaları, hərbi təcavüz və işğal, etnik təmizləmə siyasəti olmadığı təqdirdə, hər hansı silah yarışına da lüzum olmur və bu da bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına gətirir.
Ermənistan xarici işlər naziri öz müsahibəsində, həmçinin qeyd edir ki, Ermənistan bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına, habelə bütün tərəfləri qane edəcək əsaslarda münaqişənin sülh yolu ilə həllinə sadiqdir. Lakin, “bütün tərəfləri qane edəcək” həll yolunun məqbulluğundan danışan nazir Mnatsakanyan bilərəkdən beynəlxalq ictimaiyyətin Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal, tam və qeyd-şərtsiz azad olunması, öz evlərindən zorla qovulmuş azərbaycanlı əhalinin, o cümlədən münaqişənin həllində maraqlı iki tərəfdən biri olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının bu ərazilərə geri qayıtması ilə bağlı prinsipial mövqeyini gizlədir. Məlum olduğu kimi, beynəlxalq təşkilatların bütün müvafiq qərar və qətnamələrində, o cümlədən, ilk növbədə BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrində Azərbaycanın suverenliyinə və beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək ifadə olunur.
Hazırda hələ ki, siyasi iradənin nümayiş etdirilməsi yolu ilə münaqişənin sülh yolu ilə həlli üzrə müvafiq şərtlərin əldə olunması üçün danışıqlar prosesinin irəli aparılmasında konkret nəticələr əldə etmək olar. Azərbaycan, eləcə də bütün beynəlxalq ictimaiyyətin Ermənistanın siyasi rəhbərliyindən gözləntisi budur. Lakin zaman gözləmir və aydındır ki, o, işğalçı ölkə olan Ermənistana qarşı işləyir".