Donald Tramp İranla müharibəyə başlamaq istəmir
ABŞ prezidenti Donald Tramp İranla müharibəyə başlamaq istəmir.
"Report" TASS-a istinadən xəbər verir ki, "The New York Times" qəzetinin yazdığına görə, o bunu Ağ evdə keçirilən məxfi brifinqdə Birləşmiş Ştatların müdafiə naziri vəzifələrinin icraçısı Patrik Şanaxana deyib.
Mənbənin məlumatına görə, brifinq Amerika kəşfiyyatının İran silahlı qüvvələrinin Fars körfəzində kiçik həcmli gəmilərə raket yükləmələrinə dair məlumatlar əldə etməsindən sonra keçirilib.
Amerika administrasiyasının bəzi nümayəndələrinin fikrincə, Tehran ABŞ və ya müttəfiqlərinin döyüş gəmilərinə raket həmləsi endirməyə hazırlıq görür.
Qəzetin yazdığına görə, Tramp qətiyyətlə İranla hərbi toqquşmaya girmək istəmədiyini söyləyib. Ağ ev rəhbəri ümid etdiyini bildirib ki, ABŞ və İran arasında münaqişə müharibə səviyyəsinə çatmayacaq.
"Ümid edirəm ki, yox", - deyə o, Ağ evdə jurnalistlərin "Vaşinqton İranla müharibəyə hazırlaşırmı?" sualına cavabında bildirib.