\
24 Noyabr 2024 - Bazar günü

Lavrov: “Qarabağda genişmiqyaslı hərbi əməliyyatların başlanılması...”

Lavrov: “Qarabağda genişmiqyaslı hərbi əməliyyatların başlanılması...”
1649baxış
"Rusiya, ABŞ və Fransanın Dağlıq Qarabağ münaqişəsinə vahid yanaşması mövcuddur. Bu, çox nadir bir vəziyyətdir”.
 
Mediapress.az APA-ya istinadən xəbər verir ki, bunu Soçidə keçirilən Valday müzakirə klubunun iclasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
 
Rusiya XİN başçısı münaqişə ilə bağlı baza sənədlərinin olduğunu bildirib.
 
"Biz dəfələrlə müzakirələr apardığımız baza prinsipləri əsasında düyünün açılmasını istəyirik. Düyünün açılması ancaq birbaşa dialoqdan keçir. Təmaslar var. Lakin münaqişənin nizamlanması ilə bağlı dialoq, belə desək, hələlik yenilənmir. Lakin mən Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatların başlanılması kimi bir təhlükə görmürəm. Biz əlimizdən gələni edəcəyik ki, bu, baş verməsin”, - deyə S. Lavrov vurğulayıb.
 
Rusiya XİN başçısı əsirlərin dəyişdirilməsinə hazırlıq getdiyini vurğulayıb:
 
"Dağlıq Qarabağ münaqişənin nizamlanması ilə bağlı hansısa proses gedir. ATƏT-in Minsk Qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrləri çox sıx və dostcasına işləyirlər. Məncə, onlar bu il üç dəfə görüşüblər. Bu ilin aprel ayında mənim iştirakımla Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilib. Deyərdim ki, bu regionda vəziyyət ötən illə müqayisədə daha sakitdir. Son zamanlar qoşunların təmas xəttində vəziyyət olduqca sakitdir, insidentlər azdır. Baş verən insidentlər də böyük deyil. Həlak olanların meyitlərinin dəyişdirilməsi baş verib.
 
Ancaq siyasi proses tormozlanıb. Hələlik prosesi hərəkətə gətirmək alınmır. Tərəflər olduqca ciddi bəyanatlar verir. O cümlədən, Dağlıq Qarabağın Ermənistanın olması bəyanatı səslənib. Necə ki, Albaniyanın Baş naziri Kosovonun Albaniyanın olduğunu bəyan edib. Əlbəttə ki, bu bəyanatlar münaqişələrin həllinə kömək etmir, siyasi prosesin qarşısını alır ”, - S. Lavrov vurğulayıb.