\
24 Noyabr 2024 - Bazar günü

“İnqilablar, çevrilişlər mərhələsi çox-çox geridə qalıb” - Millət vəkili

“İnqilablar, çevrilişlər mərhələsi çox-çox geridə qalıb” - Millət vəkili
1853baxış
YAP-çı millət vəkili Eldəniz Səlimov radikal müxalifəti, Milli Şuranı ölkədə gərginlik, qarşıdurma yaratmağa cəhd göstərməkdə ittiham edənlərdəndir. 
 
O, Moderator.az-ın əməkdaşı ilə söhbətində edib ki, həmin qüvvələr heç zaman niyyətlərinə, məqsədlərinə nail ola bilməyəcək, ən əsası, Azərbaycan xalqı və dövləti buna imkan verməyəcək.:
 
“Azərbaycan demokratik, hüquqi dövlətdir. Ölkə qanunlarla və Konstitusiya idarə olunur. Hansı mövqedə olmasından asılı olmayaraq, hər bir fərdin, hər bir kəsin hüquq və azadlıqları təmin edilir, mövcud qanunlarla və Konstitusiya ilə qorunur. O cümlədən, ölkədə sərbəst toplaşmaq azadlığı hüququ tam təmin edilir. İqtidar, Bakı Şəhər İcra hakimiyyəti sərbəst toplaşmaq azadlığının təmin edilməsi və reallaşdırılması üçün də müvafiq yerlər ayırıb. Bir neçə gün öncə müxalifətə, Milli Şuraya da müraciətlərinə cavab olaraq, mitinq üçün Lökbatanda yer ayrılmışdı. Əgər müxalifət, Milli Şura həqiqətən dediyi kimi, güclü, nüfuzlu, xalq arasında dəstəyi yetərli, sosial dayanıqlı idisə, onlar üçün ayrılan məkana gedər, dediklərini faktlarla sübut edər, hər kəsi da fakt qarşısında qoyardılar. Amma özləri də əsl vəziyyətin, durumlarının, sosial dayaqlarının nə yerdə olduqlarını gözəl bilirdilər. Bilirdilər ki, ora getsələr, daha da biabırçı duruma düşəcəklər, təbdirlərinə ən yaxşı halda min-iki mindən artıq adam qatılmayacaq. Ona görə də məkan, yer məsələsini növbəti dəfə bəhanə gətirərək, qarşıdurma, gərginlik yolunu tutdular. Qanunsuz, razılaşdırılmamış aksiyaya cəhd etməklə, digər vətəndaşların hüquqlarını pozdular. Həmçinin, onlara kənardan işarə verənlərə Azərbaycanın üzərinə yürümək, çamur atmaq üçün növbəti fürsət tanımağa çalışdılar. Amma nə edirlər-etsinlər, alınmayacaq, necə ki, indiyə qədər alınmayıb, alınmır. Yenə də və bir daha fiaskoya, məğlubiyyətə məhkum oldular və olacaqlar”, - deyə açıqlama verən millət vəkili Azərbaycanda  hakimiyyət məsələsinin küçələrdə həll olunmadığını da vurğulayıb: 
 
"O dövr, inqilablar, çevrilişlər mərhələsi çox-çox geridə qalıb. Azərbaycanda hakimiyyət məsələsini seçkilər, Azərbaycan xalqının iradəsi, demokratik seçimi həll edir. Əgər özlərinə belə əmindirdlərsə, güclərini seçkilərdə sınasınlar, qalib gəlsinlər. Qabaqlarını kəsən var?! Amma əmin deyillər, özləri-özlərinə inanmırlar. Özlərinə inamı, güvəni olmayanlara da kim güvənəcək, etimad edəcək ki? Heç kim! Odur ki, Azərbaycan bu günə qədər qanunlarla idarə olunduğu kimi, bundan sonra da qanunun sərt və birmənalı üzü ilə idarə olunacaq, heç kimə qanundankənar fəaliyyətə icazə və imkan verilməyəcək, “bəlkə də qaytardılar” olmayacaq”.
 
Könül Aypara