Xatirəni “Kelebek”də əsəbiləşdirdilər - “M Group Production”la qalmaqal
Müğənni Xatirə İslamla “M Group Production” şirkəti arasında qalmaqal baş verib.
“Qafqazinfo”nun məlumatına görə, belə ki, Bakıda “M Group Production”un təşkilatçılığı ilə keçirilən “Altın Kelebek” ödüllərinin seçim konsertinə dəvət olunan sənətçinin efirdə ifası yarımçıq kəsilərək əvəzinə reklam verilib.
Yaşanan hadisədən sonra Xatirə İslam canlı yayım edərək şirkətə qarşı iradlarını səsləndirib:
“Mən lazım idimsə, niyə ifamı kəsib yerinə hansısa bir reklamı verdiniz? Yox, əgər lazım deyildimsə, niyə mənə bu qədər zəng edib ora dəvət edirdiniz? Lazım deyildimsə, elə müğənniləri 6 nəfərdən ibarət edərdiniz. Məni niyə ora çağırmısınız? Bu gün mənə 4 dəfə zəng etmisiniz. Bu gün günorta saat 1-2 radələrindən gözəllik salonundayam.
Niyə mən körpəmə, həyat yoldaşıma ayırdığım vaxtı sizə sərf etməliyəm?! Bunun müqabilində mənə qarşı belə etməlisiniz ki?! Bu nə hörmətsizlikdir?! Bu kimin günahıdır? Bilmirəm, bu efirin, ya təşkilatçıların günahıdır?! Bilmirəm...”.
Xatirə konsertə Murad Dadaşovun dəvəti ilə qatıldığını və bunun müqabilində heç bir qonorar almadığını bildirib:
“Bu gün o tədbirdə 40 dərəcə temperaturla iştirak etmişəm. Murada söz verdiyimə görə heç nəyi bildirmədən ora qatılmaq istədim. Ümumiyyətlə deyim ki, mən o cür tədbirlərdə oxumağa getmirəm. Gedəndə də çox yüksək qonorar alıram. Əgər minlərlə bilet sataraq insanlar toplamısınızsa, onların qarşısında təmənnasız oxuyuramsa, siz mənim ifamı kəsməməlisiniz. Müğənniyə hörmət etməlisiniz. Çünki o müğənni ora qonorarsız gəlmişdi”.