\
24 Noyabr 2024 - Bazar günü

Tənqid olunan “Eurovision” mahnımızda dəyişiklik olunacaq - VİDEO

Tənqid olunan “Eurovision” mahnımızda dəyişiklik olunacaq - VİDEO
1720baxış

Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək “Eurovision-2018” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək “X my heart” adlı mahnıda dəyişiklik ediləcək.

Musavat.com xəbər verir ki, bu barədə müsabiqənin Azərbaycan üzrə tərəfdaşı “İnfe Azerbaijan”da məlumat verilib.

Belə ki, Aysel Məmmədovanın ifa etdiyi bəstənin girişi elektronik olacaq: “Yunanıstanda baş tutan məşqlərdən sonra Azərbaycanın “Eurovision” komandası ingilis prodüser Tim Branın təklifi ilə mahnıda dəyişiklik edəcək. Bundan sonra mahnımızın giriş hissəsi daha elektronik səslənəcək”.

Tənqidlərə məruz qalan “X my heart”

“X my heart”ın musiqisi bəstəkar-prodüser Dimitris Kontopulosa, sözlər Sandra Byurmana məxsusdur. Mahnı barədə mübahisələr də səngimək bilmir. Sosial şəbəkə istifadəçiləri mahnını  tənqid ediblər. Bukmeykeylər isə Azərbaycanın 10-luğa düşməyəcəyini proqnoz edib. Onun 19-cu olacağı iddia edilib. Hətta, İsrailin birinci olacağı bildirilib.

O nə zaman çıxış edəcək?

Mahnı müsabiqəsində iştirakçıların çıxışının ardıcıllığı üzrə püşkatma mərasimi keçirilib.İştirakçı ölkələrin sayının tək olması nəticəsində təşkilatçılar birinci yarımfinalda 19, ikinci yarımfinalda isə 18 nəfərin iştirak etməsinə qərar veriblər. Püşkatmaya əsasən, ölkəmizi müsabiqədə təmsil edən Aysel Məmmədova birinci yarımfinalın ilk yarısında çıxış edəcək. Ölkəmizin bu mərhələdə rəqibləri Albaniya, Belarus, Belçika, Bolqarıstan, Çexiya, Estoniya, İslandiya, İsrail və Litva nümayəndələri olacaq. Finala hər yarımfinaldan 10 ölkə adlayacaq. Böyük beşlik ölkələri (Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya) və müsabiqənin ev sahibi olan Portuqaliya ilə birlikdə finalda qalib adı uğrunda 26 iştirakçı yarışacaq.

Qeyd edək ki, müsabiqənin yarımfinal mərhələsi mayın 8-də və 10-da keçiriləcək. Final mərasimi isə mayın 12-də təşkil olunacaq.