Çilinin məşhur futbolçusu Azərbaycandan məşqçilik təklifi alıb
Çili milli komandasının sabiq futbolçusu İvan Samorano Azərbaycandan məşqçi kimi iş təklifi alıb.
Mediapress.az-a verilən məlumatına görə, bu barədə hazırda ABŞ telekanallarından birində şərhçi kimi çalışan keçmiş forvardın özü açıqlama verib. O bildirib ki, Azərbaycanla yanaşı, Çinə də yollanmaq imkanı olub. Lakin 51 yaşlı mütəxəssis hələlik təklifləri cavabsız qoyub və məşqçi kimi debüt etmək istəməyib.
Samorano son klubu "Kolo Kolo"ya idman direktoru kimi də qayıda bilərmiş. Lakin ABŞ telekanalındakı öhdəlikləri onun komandada çalışmasını əngəlləyib.
Qeyd edək ki, İvan Samorano 1987 - 2001-ci illərdə oynadığı Çili yığmasında 69 qarşılaşmada 34 qol vurub. O, bir çox klubda, o cümlədən, İspaniya "Sevilya"sı (1990 - 1992) və "Real Madrid"ində (1992 - 1996), eləcə də İtaliya "İnter"ində (1996 - 2000) çıxış edib, 1998-ci ildə UEFA Kubokunu qazanıb.