Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək - AFİŞA
Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start veriləcək.
İlk oyunlar çərçivəsindəki matçlar paytaxtdan kənarda təşkil olunacaq.
Qəbələdəki görüşdə şəhərin eyniadlı komandası Premyer Liqanın lideri "Qarabağ"ın müqavimətini qırmağa çalışacaq. Meydan sahibləri 1/4 finalda "Sabah"ı, Ağdam təmsilçisi isə kubokun son qalibi "Keşlə"ni mübarizədən kənarlaşdırıb. Ölkə kubokunda 5-ci dəfə yolları kəsişən rəqiblər ilk dəfə yarımfinalda görüşəcək. Komandalar indiyədək 3 dəfə 1/4 final, bir dəfə finalda üz-üzə gəliblər. Üç dəfə Ağdam təmsilçisi, bir dəfə isə meydan sahibləri dueldən qalib ayrılıb. 4 dueldəki 7 oyundan beşi heç-heçə ilə yekunlaşıb. Topların fərqində də "Qarabağ"ın üstünlüyü var - 6:5.
Digər yarımfinal qarşılaşmasında isə "Sumqayıt" "Zirə"ni qəbul edəcək. Qəsəbə klubu bundan öncəki raundda "Səbail"i, "gənclik şəhəri" təmsilçisi isə "Neftçi"ni kubokdan uzaqlaşdırıb. Komandalar ölkə kubokunda ilk dəfə üz-üzə gələcəklər. Hər iki kollektiv Premyer Liqada uğursuz çıxış etdikləri üçün Avropa Liqasına vəsiqə üçün yalnız kuboka ümid bəsləyir.
Qeyd edək ki, yarımfinalın cavab oyunları mayın 1-də keçiriləcək.
Azərbaycan Kuboku
1/2 final, ilk oyunlar
23 aprel
16:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Kamal Umudlu
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu
18:30. “Sumqayıt” – “Zirə”
Hakimlər: Səbuhi Bayramov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Kapital Bank Arena”