Ya biz bu zəhərə qalıb gələcəyik, ya da... “ya da”sı yoxdur... - Rumiyyə Miraslan
Ya qələbə qazanmaq üçün “soyutma kartof” yolunu seçməliyik, ya da “taclı bəla”nın ümidinə qalmağı
Nənə-babalarımız danışırdılar ki, 1941-1945-ci illərdə, yəni II Dünya Müharibəsi zamanı kənddə unu ailə başına kiloqramla verirmişlər. 6-7 nəfərlik ailə üçün ay ərzində verilən 20-30 kiloqram buğda heç 10 gün bəs eləmirmiş. İqlimi sərt olan bölgələrdə məhsul gec yetişdiyindən ilin yarısını camaat sağ qalmaq üçün pencər yeyirmiş. İndi bizim dəstəsini 20 qəpiyə aldığımız göyərti yox, bildiyimiz ot. Kartof, yumurta isə ümumiyyətlə delikates - bahalı qida sayılırmış.
Zaman keçdi, 1990-cı ildən başlayaraq, nənə-babalarımızın yaşadığı vəziyyəti, təxminən, bir neçə il biz də yaşadıq. Yadımdadır, atam bir çörək mağazasında növbəyə dayanırdı, anam başqa bir mağazada, 9-10 yaşlı mən də çörək sexinin özündə. Saatlarla gözləyəndən sonra çörəyin gəlməsi ilə bitməsi bir olurdu. Baxmayaraq ki, adambaşına yalnız 1-2 çörək verirdilər, ancaq yenə də növbədə duranların çoxu evinə əliboş qayıdırdı.
Digər ərzaqlar da qıt idi: ət, yağ tapmaq mümkün deyildi. Məhəlləmizin qadınları yığışıb qəsəbəmizdəki gəmi limanına gedir, sahilə yenicə yan almış gəmilərdən kilkə balıq alırdılar. Həmin kilkədən kotlet belə, bişirirdilər ki, biz uşaqlarının qarnı doysun. Qarnımız tam doymasa da, gözümüz doyurdu, əlimizdəki son tikəmizi belə, paylaşırdıq. Nəticədə acından ölmədik, az yesək də, sağ qaldıq.
Bu gün isə sanki hər kəsin gözü acdır. Marketlərdə qida problemi olmasa da, insanlar dünyanın sonuymuş kimi, mağazanı evlərinə daşıyır. Hər seçimdə və qiymətdə ərzaq var, çörək piştaxtaları, demək olar ki, boşalmadan doldurulur. Belə olan ortamda gecə-gündüz evinə ərzaq daşıyan insanları anlamaqda çətinlik çəkirəm. Hələ fürsətçil sahibkarları demirəm. İnsanların həşirindən, lüzumsuz ajiotajdan istifadə edərək ən çox təlabat olan məhsulların qiymətlərini qaldırmaqdan utanmırlar. İnsanlar düşünürlər ki, ac qala bilərlər, sahibkarlar isə fürsəti əldən verməyib daha çox qazanmağa çalışırlar.
Heç kimə sirr deyil ki, Azərbaycanda əhalinin bir hissəsi dövlət qulluğunda, dövlət müəssisələrində çalışır, yəni stabil maaşı var. Və aldığımız maaş rahat həyat sürmək üçün yetərsiz olsa da, qarnı tox gəzmək üçün yetərlidir. Əslində, bu, elə dünyanın hər yerində belədir.
Bəs digərləri? Açıq deyək, Azərbaycanda özəl sektor çox zəifdir, kiçik biznes istisna olmaqla, əksəriyyət günəmuzd çalışır. Kafe və restoranlarda ofisiant, xadimə və s. işlərdə çalışanlar, satıcılar, fəhlələr, dayələr və başqaları hər gün işə getməsələr, ac qalmalıdırlar. Ona görə də dövlət birmənalı şəkildə bu kateqoriyanı nəzərə almalıdır. Onlar üçün mütləq sosial paketlər hazırlanmalı, kommunal ödənişlər bir müddətlik dayandırılmalı, bank kreditləri dondurulmalıdır.
Başqa cür bu insanları heç ordu da evə sala bilməz. “Olmaz” demək ən asan yoldur, amma niyə olmaz, olarsa, necə olar, olmayacaqsa, əvəzində nə olacaq? Mütləq bunlar müəyyənləşməlidir.
Nazirlər Kabinetinin qərarını alqışlayırıq, amma işə yarayacağını dəqiq deyə bilmirik. Çünki son qərar da əvvəlkilər kimi, xeyli cavabsız suallarla zəngindir. Oxuduqca, adama elə gəlir ki, sanki indiyədək tətbiq edilən qadağalar aradan qaldırılıb. Düzdür, rayonlararası və rayonların paytaxtla əlaqəsi məhdudlaşdırılıb. Bununla da rayonlarda, kəndlərdə infeksiyanın yayılma arealı daraldı. Parklara, dənizkənarı bulvara giriş qadağan olundu, deməli, yaşlıların bir yerə toplanmasının qarşısı alındı. Küçəyə çıxmaq qadağan olundu, ancaq bu gün insanlar hələ də küçələrdədir.
Bəlkə də Çindəki kimi binaların blokları qaynaq olunmayana qədər, insanlar evlərinə girməyəcək. Beləcə nə dövlət biləcək ki, kim xəstədir, nə də özləri xəstəliklərini etiraf edəcəklər. Evdə keçirilməyən hər dəqiqə də həm yoluxma şansını artıracaq, həm də yoluxdurma.
İndi də müharibə şəraitindəyik. Tək bizdə yox, bir-iki ölkə istisna olmaqla, dünyanın hər yerində koronavirusa müharibə elan olunub. Dövlət ciddi rejimdə fəaliyyətə başlayıb, başqa ölkələrlə müqayisədə bizdə vəziyyət idarəolunandır, ağır-stabildir. Bundan sonra necə olacağını heç kim deyə bilməz, yəqin ki, xəstələrin də sayı artacaq, ölənlərin də və bu, normaldır. Vəziyyətə nəzarət olunduğu müddətdə təlaşa gərək yoxdur. Hətta səhiyyəsi ideal saat kimi işləyən ölkələrdə də xəstə və ölüm sayı bizdən çoxdur.
Önümüzdə iki çıxış yolu var: ya biz evdə oturub əlimizdəki qida ilə karantin müddətinin bitməsini gözləyərək sağ qalırıq, ya da “evdə acından ölüm?” məntiqi ilə özümüzü də, ətrafımızı da riskə atırıq. Artıq seçiminizi edin. Qələbə qazanmaq üçün “soyutma kartof” yolunu seçirsiniz, yoxsa “taclı bəla”nın ümidinə qalmağı? Başqa seçim yoxdur. Artıq zəhərli düşmən qapıdadır. Ya biz bu zəhərə qalıb gələcəyik, ya da... “ya da”sı yoxdur. Qalib gələcəyik. Qalib gəlməliyik!
Rumiyyə Miraslan