\
22 Noyabr 2024 - Cümə

"İnsanlığın ələndiyi yeni erada insanlıq yaşasın..." - Ülviyyə Qarayeva

"İnsanlığın ələndiyi yeni erada insanlıq yaşasın..." - Ülviyyə Qarayeva
10455baxış

Ən son 20 il əvvəl universitetə imtahan verərkən nəticələrimin necə olacağını səbrsizliklə gözlədiyimi xatırlayıram. Ondan sonra da həyatımda baş verən gözləntilərim olsa da, həmin duyğunu xatırlatmırdı. Ta ki, 14 gün əvvələ kimi.

14 gün öncə müsahiblərimin birinin koronovirus diaqnozu ilə xəstəxanaya yerləşdirildiyini eşitdim. Onun üçün çox üzülsəm də, digər narahatlıqlarım övladlarım, yaxınlarım və dostlarım üçün idi. Əgər yoluxmuşdumsa, digərləri üçün mən də təhlükə hesab olunurdum. Odur ki, özümü təcrid etdim və əmin olmaq üçün analiz verdim. Analizin nəticələrini gözləyərkən düz 20 il öncə keçirdiyim hissləri xatırladım. O zaman bəlkə hansısa sualı düz yazmamışam, bəlkə cavabları sürüşdürmüşəm düşüncəsi məni narahat edirdisə, bu dəfə bəlkə bilmədən əl təmasım olub, bəlkə maskamı çıxarmışdım həmin an, bəlkə...

Əslində bu bəlkələrin və gözləntilərimin səbəbi yaxınlarımdan ötrü keçirdiyim narahatlıqlar idi. Oxuduğum, izlədiyim, yazdığım xəbərlərdən o qədər təsirlənmişdim ki, xəstəliyin xofu məni çox bürümüşdü.  24 saat ərzində gözlədiyim cavab çox önəmli idi mənim üçün. Əgər testin nəticələri pozitiv olarsa, səhəri gün məni xəstəxanaya, digər ailə üzvlərini karantinə aparacaqdılar. Təcili tibbi yardım həkimi bunları mənə izah edən zaman hələ də məndən ayrı qala bilməyən qızlarım sual və təəccüb dolu gözlərilə mənə baxmaqda idilər... axı onlarla heç vaxt ayrı qalmamışdıq.

Xəstəliyin heç bir əlamətini özümdə hiss etməsəm də, keçirdiyim qorxu hisslər tərifedilməzdi: Məni necə gəlib aparacaqlar?! Uşaqlar necə dayanacaq buna?! Sonda nə olacaq?!

Bu hisslər heç əl çəkmədi məndən, düz... 24 saat. Səhəri gün gözüm blokun qarşısında, qulağım telefon zəngində idi. Çox şükür ki, xəbər gəlmədi, deməli, cavabım neqativdir, amma yenə də özümü təcridi davam etdirdim və heç bir simptomum olmadı.

Bütün bunlar 48 saatın içərisində baş verən yaşanananlar idi. Əslində, hər yaşantıda, hər hadisədə bir məna olduğunu deyənlər çox haqlı imiş. İndi başa düşdüm ki, bu hisslərlə həyatının böyük hissəsini, bəlkə də gözünü açandan bu cür qorxular içərisində keçirən insanlar var!

Müharibələrin olduğu, aclığın, susuzluğun baş alıb gedən ölkələr var və bütün bunların qurbanı olan milyonlarla insanlar var. Övladlarına görə narahat olan analar, analarının cəsədini qucaqlayıb yatan övladlar, zibillikdən bir parça yeyiləsi çörək tapacağına ümid edən atalar var....

Ümidini itirməyib sonun gözəl olacağına inananlar var. Kabusların hər səhər bitəcəyinə ümid edənlər, amma hər gün eyni kabusu yaşayanlar var...

Bütün dünya bu gün eyni kabusla oyanır. Amma ümid və gözləntilər ölmür. Bu yaşananların bir gün bitəcəyinə inanıb, insanlığın gəldiyi nəticəyə köklənək, məncə.

İşləməkdən yorulmuşduq, tıxaclardan bezmişdik, səs-küydən qaçırdıq, bəzən təmiz havada etməli olduğumuz yürüşləri belə ertələyirdik, şikayətlənirdik, bir-birimizdən qaçırdıq. Amma əminəm ki, indi hamımız ən tıxaclı yolda qalmaq, ən basabas avtobusa minmək, insanların ən dolu olduğu qatarda yol getmək, küçədə çiyin-çiyinə dəyəcək məsafədə gəzmək arzusundayıq. Çünki anladıq ki, dünyamız insanlarla gözəldir. İnsanlarla rəngarəng, insanlarla doludur. Elə bir-birimiz üçün, birlik üçün, yenidən bir yürümək üçün hər yaşadığımız hadisədən çıxardığımız nəticəyə köklənərək doğru dəyərləndirmə edib, hər anımızın qədrin bilək. Bu günlər də bitəcək. Bitəcək ki, insanlığın ələndiyi yeni erada insanlıq yaşasın....

ÜLVİYYƏ QARAYEVA